
“Mülki müqaviləsi” partiyasının deputatı, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Koçaryan aprelin 6-da keçirdiyi brifinq zamanı bildirib ki, müharibədə həlak olanların sayı 3970 nəfərdir.
“Bizim 3970 şəhidimiz var, baxmayaraq ki, elə Serj Sarkisyan və Pasxa ilə bağlı video paylaşan Robert Koçaryan 5000 qurban deyir – 1000 nəfər artıq göstərir, bir az da çox. O min nəfəri – siz o uşaqları atanızın evindən gətirmisiniz?” – deyə o, qeyd edib.
Ermənistanın İstintaq Komitəsindən Factor TV-nin yazılı sorğusuna cavab olaraq bildirilib ki, müharibədə həlak olanların sayı 3833 nəfərdir, itkin düşmüş şəxslərin sayı isə 191-dir. Andranik Koçaryanın səsləndirdiyi rəqəm rəsmi açıqlanan saydan 137 nəfər çoxdur.
Parlamentin müdafiə və təhlükəsizlik məsələləri komissiyasından da Factor TV-yə bildirilib ki, Andranik Koçaryan brifinq zamanı səhvə yol verib və İstintaq Komitəsinin məlumatları təsdiqlənib.
Hələ 2025-ci il noyabrın 7-də İstintaq Komitəsi Factor TV-yə bildirmişdi ki, həlak olanların sayı 3833 nəfərdir. Eyni dövrdə Komitənin bir müstəntiqi digər KİV-lərə fərqli rəqəm (3981) açıqlamış və yanlış məlumat verdiyinə görə intizam məsuliyyətinə cəlb olunmuşdu.







