
Ermənistan-Rusiya siyasi gündəliyi iqtisadi münasibətlərə necə təsir edir? Bu sual həm rəsmi, həm də ekspert səviyyəsində müzakirə mövzusudur.
Ermənistan parlamentinin rəhbəri bu gün əmin edib ki, Rusiya ilə bağlı bütün iqtisadi problemlər açıq müzakirələr vasitəsilə həll olunur. Lakin ekspertlər bu qədər optimist deyillər.
Onların qiymətləndirməsinə görə, siyasi fikir ayrılıqları kəskinləşdikcə iqtisadi maneələr də artır.
Paşinyan-Putin görüşündən dərhal sonra Rusiyanın “Rosselxoznadzor” qurumu bəyan etdi ki, Ermənistandan idxal olunan bir sıra mallarda keyfiyyətə nəzarət problemləri var.
Qurumun rəhbəri “Vesti”yə müsahibəsində izah etmişdi ki, Ermənistan Avropa Birliyi mallarının öz bazarına sadələşdirilmiş girişini təmin edir ki, bu da Aİİ (Avrasiya İqtisadi İttifaqı) tələblərinə uyğun deyil.
Demək olar ki, eyni vaxtda Rusiyanın Baş nazirinin müavini də Ermənistan-Rusiya iqtisadi münasibətlərinə toxunub.
Aleksey Overçukun fikrincə, Rusiya hökuməti “Ermənistanla ticarət-iqtisadi əlaqələrin perspektivindən narahatdır”.
O, həmçinin qeyd edib ki, yükdaşımalar sahəsində Ermənistan ciddi rəqabətlə üzləşə bilər.
Baş nazir Nikol Paşinyan Moskvadan gələn bu bəyanatlarda siyasi alt mətn görmür, əksinə, sahibkarları məhsulun keyfiyyətini yüksəltmək istiqamətində işləməyə çağırır:
“2018-ci ildən bəri mən ölkədə istehsalın standartlaşdırılması zərurətindən danışıram və biz iqtisadiyyata milyonlarla dollar ayırmışıq ki, öz məhsullarını standartlaşdırsınlar.
Biz iqtisadiyyatın modernləşdirilməsinə dəstək vermişik, veririk və verəcəyik, lakin texniki problemlərin siyasi çətir altında başqa cür təqdim edilməsi cəhdləri ilə də razı deyilik”.
Ötən il konyak istehsalçıları və gül ixracatçıları şikayət edirdilər ki, öz məhsullarını Rusiyaya ixrac edərkən ciddi maneələrlə qarşılaşırlar.
Onların fikrincə, Yuxarı Lars keçid məntəqəsində Rusiya tərəfinin izahatları çox vaxt əsaslı və ya dolğun olmur.
Sahibkarların problemləri yalnız sərhəd keçid məntəqələrindəki maneələrlə məhdudlaşmır.
2025-ci ildə Şimali Osetiyanın Vladiqafqaz şəhərinin rayon məhkəməsi Qusovlar ailəsinin “Jermuk Qrup”-a qarşı iddiasına baxırdı.
İddiaçı tərəf “Jermuk” mineral suyunu içməyin ağır sağlamlıq nəticələrinə səbəb olduğunun tanınmasını tələb edirdi.
Əvvəlcə birinci instansiya məhkəməsi, sonra isə Apellyasiya məhkəməsi iddianı rədd etdi, lakin məhkəmə prosesi boyu “Jermuk”un satışına qadağalar tətbiq olundu.
Jurnalistlərin “Jermuk Qrup” şirkəti ətrafında nələr baş verdiyi barədə sualına iş adamı Aşot Arsenyan belə cavab vermişdi:
Sitat: “Öz səylərinizə qənaət etməyə və Ermənistanın ən nüfuzlu brendinin üzərinə palçıq atmaq kimi acınacaqlı cəhdlərdən əl çəkməyə çağırıram. Dumanlı ehtimalların arxasında kimlərinsə “qulaqları” aydın görünür”.
Parlamentin sədri Alen Simonyan jurnalistlərlə brifinqdə Rusiya ilə mövcud iqtisadi problemlərin müzakirələr yolu ilə həll olunacağına əminliyini bildirib:
“Bütün problemlər müzakirə olunacaq və həll ediləcək. Biz Rusiya ilə heç bir məsələyə görə müharibə etməyəcəyik, dalaşmayacağıq; bütün problemləri səsləndirəcəyik və həll edərək irəli getməyə çalışacağıq.
Biz özümüzdən Rusiya üçün heç bir təhlükə yaratmırıq və təhlükə olmağa hazırlaşmırıq”.
Alen Simonyanın sözlərinə görə, Yerevanın Moskva üçün təhlükə yaratmaq niyyəti yoxdur.
Rusiyalı politoloq Sergey Markedonov isə Moskva-Minsk-Yerevan-Daşkənd videokörpüsü zamanı bildirib ki, Ermənistan hakimiyyəti öz imkanlarının həddini başa düşməlidir.
Onun sözlərinə görə, Cənubi Qafqazda yeni status-kvo formalaşıb və Rusiyanın nüfuzuna çağırış edilib. Politoloq hesab edir ki, Ermənistan-Rusiya münasibətlərinin qırılması mənfi nəticələrə səbəb ola bilər:
Sitat: “Ermənistanın Rusiya və AB ilə ticarət dövriyyəsini müqayisə edək. Fərq kifayət qədər əhəmiyyətlidir. Ermənistan müxalifətinin bəyanatı (Rusiya ilə iqtisadi müharibədən çəkinməyə çağıran – red.) heç də həyəcan təbili deyil, əlaqələrin kəsilməsinin mənfi nəticələrə gətirib çıxaracağı qorxusudur”.
Parlamenetin vitse-spikeri Ruben Rubinyan qeyd edir ki, Ermənistan-Rusiya iqtisadi münasibətlərindəki problemlər yeni deyil:
“Ötən il də bu barədə danışılırdı, ondan əvvəlki il də. Gördüyünüz kimi, heç bir fəlakətli hadisə baş verməyib”.
Vitse-spiker vurğulayır ki, Rusiya Ermənistan üçün dost ölkə olaraq qalır və problemlər dostluq mühitində müzakirə olunur.
Onun sözlərinə görə, ikitərəfli münasibətlərdə zaman-zaman ortaya çıxan fikir ayrılıqları təbiidir və ümumi əməkdaşlığı təhlükəyə ata bilməz.







