
Bakı Azərbaycan mediasında yayılan, Ermənistandan Azərbaycana 960 dollar dəyərində hansı malların idxal edildiyi barədə məlumatı dəqiqləşdirib.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, cari ilin mart ayında Niderland Krallığından 960 dollar dəyərində qızılgüllər idxal edilib.
Bildirilir ki, “Xarici ticarətin gömrük statistikasının nəşri qaydaları”nın 3.3-cü bəndinə əsasən, tərəfdaş ölkə idxal olunan malların mənşə ölkəsi hesab olunur.
Bununla əlaqədar olaraq, həmin qızılgüllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal kimi əks olunub.
Daha əvvəl Azərbaycanın Ermənistandan mal idxal etməyə başladığı barədə məlumatlar yayılmışdı. Qeyd olunmuşdu ki, bu ilin mart ayında Azərbaycan ilk dəfə Ermənistandan 960 dollar dəyərində məhsul idxal edib.
Əlavə edək ki, Ermənistan Respublikası Dövlət Gəlirləri Komitəsinin gömrük statistikasına görə, Ermənistandan Azərbaycana hər hansı ixrac halı gömrük orqanları tərəfindən qeydə alınmayıb.
Bu barədə Factor TV-nin sorğusuna cavab olaraq Dövlət Gəlirləri Komitəsindən bildirilib.







