BaşlıcaSiyasət

Azərbaycanda müstəqil vəkillər təqib olunur: Beynəlxalq Hüquqşünaslar Komissiyası

Azərbaycanda icra hakimiyyətinin Vəkillər Kollegiyasına təsiri, qəbulda ayrı-seçkilik, əsassız intizam cəzaları və müstəqil vəkillərin təqib olunması hüquq peşəsinin müstəqilliyini sarsıdır. Beynəlxalq Hüquqşünaslar Komissiyası (BHK) mayın 18-də yaydığı “Təzyiq Altında Ədalət: Azərbaycanda Vəkillərin Müstəqilliyi və Ədalətli Məhkəmə Araşdırması Hüququ” adlı hesabatında bu qənaətə gəlib, Meydan.tv yazır.

Qurum bəyan edir ki, məhkəmələrin asılılığı ilə birləşən bu problemlər müttəhimləri ədalətli məhkəmə hüququndan məhrum edir.

Hesabata görə, beynəlxalq təşkilatların son 10 ildə verdiyi tövsiyələr yerinə yetirilməyib. Kollegiyaya qəbul hüquq müdafiəçilərini sistemdən uzaqlaşdırmaq, intizam işləri isə nəzarət etmək üçün vasitəyə çevrilib. Siyasi işlərdə çıxış edən müdafiəçilər xaric edilmə və cinayət təqibi ilə üzləşirlər. Yerli hüquqşünaslar ölkədə bənzər işləri öhdəsinə götürə biləcək çox az vəkilin qaldığını bildiriblər.

Sənəddə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) tanınmış vəkillərlə bağlı çıxardığı fundamental qərarların icra olunmadığı vurğulanır. BHK rəsmi Bakını kollegiyanın müstəqilliyini təmin etməyə, bu vəkillərin peşə fəaliyyətini bərpa etməyə və təqsirləndirilən şəxslərin öz seçdikləri müdafiəçilərə çıxışını yaratmağa çağırıb. Təşkilat hələ 2016-cı ildə “Müdafəsiz müdafiəçilər” hesabatı və 2018-ci il brifinqi ilə bu məhdudiyyətləri sənədləşdirmişdi.

Vəkillər Kollegiyası bəzi təkliflərin nəzərə alındığını qeyd edir. İlham Əliyev isə ötən il Beynəlxalq Hakimlər Assosiasiyasının iclasında islahatların məhkəmə səmərəliliyini və hakimlərin müstəqilliyini artırdığını bəyan etmişdi.  

Daha çox göstər
Back to top button