
“Ermənistan” alyansı 7 iyunda keçirilən parlament seçkiləri nəticəsində aldığı mandatları götürmək niyyətindədir. “Armenpress”in məlumatına görə, bu barədə blokun yaydığı bəyanatda bildirilib.
Alyans Konstitusiya Məhkəməsinin qərarından sonra mübarizənin gələcək strategiyası ilə bağlı mövqeyini təqdim etməyi zəruri hesab etdiyini bildirib.
Bəyanatda deyilir: “Mandat silahdır və ondan könüllü şəkildə imtina etmək dövlətimizə və seçicilərimizə qarşı məsuliyyətsizlik olardı”.
“Ermənistan” alyansı vurğulayıb ki, onlar üçün parlament statusu bir mövqe və ya rahatlıq deyil, əlavə bir vasitə, hüquqi və siyasi alətlər dəsti və gündəlik müqavimət üçün bir fürsətdir.
Bəyanatda qeyd olunur ki, onlar parlamentdə təmsilçiliyə vətəndaşların hüquqlarını qorumaq, problemlərini dilə gətirmək, həll yolları təklif etmək, eləcə də ictimai və beynəlxalq aktyorlarla əlaqələri gücləndirmək üçün bir vasitə kimi baxırlar.
Bəyanatda deyilir: “Vətən və seçicilər qarşısında məsuliyyətimizi dərk edən “Ermənistan” alyansı parlamentə siyasi müqavimətin ön sıralarında öz payına düşən məsuliyyəti öz üzərinə götürməyə hazır olan ideoloji və sarsılmaz siyasi komanda göndərəcək”.
İyulun 6-da “Güclü Ermənistan” alyansının nümayəndəsi Narek Karapetyan alyansın 7 iyunda keçirilən parlament seçkiləri nəticəsində aldığı mandatları götürmək qərarına gəldiyini açıqladı.







