BaşlıcaSiyasət

MTX Sərhəd Qoşunları Ermənistan-Azərbaycan bütün sərhədinin mühafizəsini mərhələli şəkildə təhvil alacaq

Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunları Ermənistan-Azərbaycan dövlət sərhədinin bütün hissəsinin mühafizəsini Müdafiə nazirliyindən mərhələli şəkildə təhvil almağı planlaşdırır.

 Proses üçün sərhəd qoşunlarının şəxsi heyətinin artırılması, xidmətin komplektləşdirilməsinin yeni mexanizmlərinin tətbiqi və MTX sistemində xidmətin bir sıra şərtlərinin dəyişdirilməsi nəzərdə tutulur.

 Bu barədə MTX-nin hazırladığı qanunvericilik dəyişiklikləri paketinin əsaslandırmasında qeyd olunub. Paketə “Milli təhlükəsizlik orqanlarında xidmət haqqında”, “Milli təhlükəsizlik orqanları haqqında”, “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” və “Sərhəd qoşunları haqqında” qanunlara dəyişikliklər daxildir.

Layihənin əsaslandırmasına görə, Ermənistan-Azərbaycan sərhədinin tam mühafizəsini öz üzərinə götürmək əlavə insan resursları tələb edəcək.

 Bu məqsədlə MTX sistemində də “Şərəf duyuram”(Pativ unem) proqramının tətbiq edilməsi təklif olunur.

 Bu, məqsədli təhsil üçün möhlət hüququ almış və təhsil müddətində hərbi hazırlıq keçmiş vətəndaşlara təhsillərini başa vurduqdan sonra məcburi xidmət əvəzinə MTX-də müqaviləli hərbi xidmətə cəlb olunmaq imkanı verəcək.

Həmçinin sərhəd qoşunlarında “Paştpan hayrenyats”  (“Vətən müdafiəçisi”)  proqramı çərçivəsində qüvvədə olan bəzi tənzimləmələrin tətbiqi nəzərdə tutulur.

 Tədris mərhələsini başa vurmuş müqaviləli hərbi qulluqçular, aldıqları ixtisasa uyğun vəzifəyə təyin olunacaqları təqdirdə imtahanların nəticələrinə görə attestasiyadan keçmiş hesab olunacaqlar.

Eyni yanaşma Ermənistanın hərbi təhsil müəssisələrini bitirmiş və zabit vəzifəsinə təyin olunmuş qulluqçular üçün də keçərli olacaq.

Müdafiə nazirliyi ilə əməkdaşlıq çərçivəsində Vazgen Sərkisyan adına Hərbi Akademiyada 2023-2024-cü tədris ilindən etibarən sərhəd bölmələrinin idarə olunması ixtisası üzrə dördillik bakalavr proqramı həyata keçirilir.

 İlk iki tədris ilində proqram üzrə ildə 10, 2025-2026-cı tədris ilində isə 20 yer nəzərdə tutulub. Layihənin əsaslandırmasına görə, bu ixtisas üzrə təhsil almaq üçün artıq 46 müraciət daxil olub.

Dəyişikliklər paketi ilə həmçinin baş zabit heyətinin qulluqçuları üçün müəyyən edilmiş həddi yaşın 52-dən 55-ə qaldırılması, növbəti məzuniyyətin isə hazırkı iki hissə əvəzinə üç hissəyə bölünməsinə icazə verilməsi təklif olunur.

Qadın qulluqçular üçün hamiləlik və doğum məzuniyyətinin növbəti hərbi rütbənin daşınması müddətinə daxil edilməsi nəzərdə tutulur.

 Layihə müəlliflərinin qiymətləndirməsinə görə, hazırda Müdafiə nazirliyi və MTX sistemlərinin qadın qulluqçularına fərqli yanaşmalar tətbiq olunur və bunların vahid şəklə salınması təklif edilir.

Layihələrlə həmçinin MTX əməkdaşları tərəfindən fiziki gücün, silahın və xüsusi vasitələrin tətbiqi əsasları, şərtləri və qaydaları müəyyən ediləcək.

Qüvvədə olan qanun əməkdaşlara bu vasitələri tətbiq etmək hüququ verir, lakin əsaslandırmaya görə, onların tətbiq halları və hüdudlarını kifayət qədər dəqiqləşdirmir.

MXX rəhbərliyinə sərhəd qoşunlarının hərbi geyim forması və fərqlənmə nişanlarının formasını, təsvirini və daşınma qaydalarını təsdiq etmək səlahiyyətinin verilməsi nəzərdə tutulur ki, bu səlahiyyət hazırda Baş nazirə və Hökumətə məxsusdur.

Layihə ilə həmçinin dövlət sərhədinin mühafizəsi zamanı videoçəkiliş aparan texniki vasitələrin tətbiqinin dəqiqləşdirilməsi nəzərdə tutulur.

Qanunvericilik paketinin qəbulundan sonra dövlət büdcəsinin gəlir və xərclərində dəyişikliklərə ehtiyac yaranacaq.

Əsaslandırmaya görə, konkret hesablamalar layihələrdən irəli gələn qanunaltı aktların işlənməsi mərhələsində təqdim olunacaq.

Daha çox göstər
Back to top button