Simon Abqaryanın ustalığı ilə “De Qolun döyüşü”

“Vosqe Tsiran” (“Qızıl Ərik”) beynəlxalq kino festivalı çərçivəsində rejissor Antonen Bodrinin “De Qolun döyüşü” bioqrafik dramının İrəvan premyerası baş tutub.
Fransadan sonra Ermənistan İkinci Dünya müharibəsindən bəhs edən bu filmin nümayiş olunduğu ilk ölkədir. Baş qəhrəmanı – Şarl de Qolu fransız kinosu və teatrının ali “Molyer” və “Sezar” teatr mükafatları laureatı, aktyor, quruluşçu rejissor və dramaturq Simon Abqaryan canlandırıb.
1940-cı il: Fransa təslimçilik və öz kimliyini itirmək təhlükəsi qarşısındadır.

Məhz bu qeyri-müəyyənlik və ümidsizlik fonunda müqavimət doğulur: çoxlarına naməlum generallardan biri “Azad Fransa” hərəkatını başlatmaq üçün Londona yola düşür.
Fransa kino tarixinin ən baha başa gələn layihələrindən biri – rejissor Antonen Bodrinin “De Qolun döyüşü” tarihi epopeyası İrəvan ekranlarındadır.
Film böyük fransız siyasi xadimi haqqında olsa da, ekrandan bizə baxan general Şarl de Qolun baxışlarında erməni dərinliyi var: tarixi obrazı məşhur fransız-erməni aktyor, rejissor və dramaturq Simon Abqaryan canlandırıb.
Filmin rejissoru Antonen Bodri deyir ki, “De Qolun döyüşü” və “De Qol: Azadlıq” filmlərini faciə və komediya hesab edə bilərsiniz, lakin orada faciə üstünlük təşkil edir.
“Əslində film ölkəni itirmək təhlükəsi qarşısında qaldıqda nə hiss etdiyimiz haqqındadır. Şadam ki, bu film Ermənistanda nümayiş olunur, çünki ermənilər müqavimətin nə olduğunu əminliklə bilirlər.
Filmin burada nümayiş olunmasının ikinci səbəbi Simondur. Layihəyə başlayanda Şarl de Qol rolu üçün aktyor tapmağın nə qədər ciddi çağırış olacağını çox yaxşı bilirdim”

Antonen Bodri vaxtilə geniş yayılmış bir əhvalatı xatırlayır. ABŞ Prezidenti Franklin Ruzvelt de Qola həsr olunmuş film çəkmək qərarına gəlir.
Bu məqsədlə gənc Uilyam Folknerə müraciət edir ki, ssenari yazsın.
Folkner ssenarinin bir neçə variantını yazır. Düşünürlər ki, ssenari yaxşıdır, lakin de Qol obrazı çıxarılmalıdır, çünki uyğun aktyor tapmaq mümkün deyil:
“Simon aşkar seçim idi, düşünürəm ki, o, bütün fransızlara, mənim bütün xalqıma De Qolun əslində kim olduğu barədə təsəvvür bəxş etdi”
Yeri gəlmişkən, bir çox prodüserlər başqa tanınmış aktyorları cəlb etməyə çalışıblar, lakin rejissor artıq öz qəhrəmanını tapmışdı.
Simon Abqaryan de Qolun hekayəsini yaxşı yazılmış bir faciə kimi qəbul edib. Bu, azadlıq, qürur, mübarizə, insanlıq, qəhrəmanlıq və vətənə sevgidən bəhs edən bir filmdir.
“Üç həftə arxivlər, müsahibələr və sənədli materiallarla özümü qapadım, lakin bir gün qərara gəldim ki, təqlid olmayacaq. Kompüterimi bağladım və öz sənətimlə – yəni təxəyyül etməklə məşğul olmaq qərarına gəldim.
Bütün bu materialı götürüb özünkü etdim ki, ona bədən verim, səs verim”.
Bu, Fransa milli qəhrəmanı Misak Manuşyandan sonra Simon Abqaryanın canlandırdığı artıq ikinci tarixi obrazdır.
İstedadlı erməni 80-ci illərin əvvəllərində Amerikadan başlayan yolunu dünya zirvələrinə çatdırıb, lakin bu gün vətənində öz köklərinin və mədəni baxışın (vizyonun) əhəmiyyətindən danışır:
“Erməni xalqı və sənətçiləri üçün ən vacib mövzu məhz bu vizyon olmalıdır. Əlimizdə olan materiallar çoxdur; aydındır ki, xəzinə üzərində oturmuşuq və mədəniyyətimizlə zəngin xalqıq. Tarix, ədəbiyyat, poeziya, musiqi…
Yaxşı nəslimiz var, Ermənistanın və Diasporanın varlı şəxsləri onlara bu təxəyyül sahəsini fəth etməyə kömək etməlidirlər”.
Abqaryan Cəlaləddin Rumi və ya Platon obrazını canlandırmağı xəyal edir. Deyir ki, insanların söhbət etdiyi, mübahisə etdiyi, lakin hər halda dialoqlarının əsasında sevgi durduğu o sakitliyə qayıtmağın vaxtıdır. “Hamımızın sevgiyə ehtiyacı var”– deyə artist qeyd edib.
.
Dünya kino sənətindəki əhəmiyyətli töhfələrinə və erməni-fransız mədəni əlaqələrinin inkişafına görə Yerevan premyerası zamanı Simon Abqaryan TŞİHM (Təhsil, Elm, Mədəniyyət və İdman) nazirliyinin qızıl medalı ilə təltif edilib.






