BaşlıcaSiyasət

Dünya Azərbaycanda genişmiqyaslı repressiyaların olmasına susur: Əli Kərimli

Azərbaycandan ABŞ və Aİ liderlərinin qəti cavablarını izlədik. Hakim “Gürcü Arzusu” partiyasının rəsmiləri sanksiyaya məruz qalıb, ABŞ və Avropa liderləri polis zorakılığını, siyasi motivli həbsləri və seçki saxtakarlığını kəskin şəkildə pisləyib. Bu arada Azərbaycanda vəziyyət daha pisdir. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli sosial şəbəkədə yazıb.

“Azərbaycanda seçkilər hər zaman saxtalaşdırılır. Əvvəllər də məhdudlaşdırılan sərbəst toplaşma azadlığı 5 ildən artıqdır ki, tam qadağan olunub. Müxalifətin fəaliyyəti boyuk təzyiq altındadır. Təkcə mənim sədri olduğum AXCP-nin 50 nəfərə qədər fəalı siyasi məhbus həyatı yaşayıb və ya yaşayır (hazırda 12 nəfər). Vətəndaş cəmiyyətinin fəal təmsilçiləri həbs olunub. Müstəqil mətbuat məhv edilib. İndi Azərbaycanda 30 nəfərə yaxın jurnalist həbsdədir. Ölkədə işgəncə geniş yayılıb. Müstəqil qəzetlər bağlanılıb, 30-dan artıq müstəqil sayt bloklanıb. Müstəqil televiziya və radiolar isə lap uzaq keçmişdə qalıb. Ölkə parlamenti də, məhkəmələri də, mətbuatı da, iqtisadiyyatı da bir adama – dövlət başçısı İlham Əliyevə tabe edilib.

Son 2 günə qədər Azərbaycanda siyasi məhbusların sayı 320 nəfər idi. Lakin son 2 gündə Azərbaycanda hələ də istisna hal kimi fəaliyyət göstərən müstəqil media orqanı MeydanTV-nin əməkdaşları (7 nəfər) və həbs olunmuş vətəndaş cəmiyyəti fəalları ilə birlikdə siyasi məhbusların sayı 328 nəfər oldu. Ancaq təəssüf ki, biz ABŞ və Aİ rəsmilərinin Gürcüstandakı qanunsuzluqlara göstərdiyi həssaslığı, adekvat qərar və bəyanatları Azərbaycandakı irimiqyaslı repressiyalara münasibətdə hələ də görmürük.

Biz əlbəttə, fərqindəyik ki, qonşu olsaq da, Gürcüstan ötən 21 ildə demokratiya sahəsində bizdən çox irəli gedib. Aİ-na namizəd ölkə və ABŞ-ın strateji tərəfdaşı olaraq üzərinə əlavə beynəlxalq öhdəliklər də götürüb. Biz onun da fərqindəyik ki, indi gürcü xalqı meydanlardadır, ancaq biz məcburən də olsa, evlərimizə və ya həbsxanalara məhkum edilmişik. Ancaq onu da bilirik ki, Azərbaycanda avtoritarizm indiki kimi sərt olmayanda biz də meydanlarda olurduq. Biz azərbaycanlıları İlham Əliyev 21 il davam edən müntəzəm repressiyalarla indiki tam hüquqsuz vəziyyətə gətirib çıxarıb. Gürcü xalqına da yetərli beynəlxalq dəstək olmasa, hökumət həbsləri və zorakılığı daha da artıra və xalqı meydanlardan təmizləyə bilər. Vaxtilə Azərbaycan hakimiyyəti irimiqyaslı repressiyalarla bizim xalqımızı meydanlardan uzaqlaşdırdığı kimi. Mən ümid edirəm və çox istəyirəm ki, Gürcüstanda belə olmasın. Bizim Azərbaycanda avtoritar rejimdən çəkdiklərimizi gürcü xalqının çəkməməsini istəyirəm.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç yazmışdı: “Gürcüstandakı zülmdən danışanların nə qədərinin Azərbaycan rejimindən qanunsuz həbs edilmiş şəxslərin azadlığa buraxılması tələbinə qoşulacağını izləyirəm.”

Cənab səfir tamamilə haqlıdır. Azərbaycandakı repressiyalar bütün həddləri aşıb. İndi Azərbaycan hakimiyyəti ölkənin avroatlantik inteqrasiyadan yana olan müxalifətini, vətəndaş cəmiyyətini və azad mətbuatı sadəcə zəiflətmək, gücdən salmaq üçün yox, ölkənin bütün demokratik təsisatlarını məhv etmək üçün çalışır. Biz də cənab səfir kimi bütün dünyanın Azərbaycanda baş verən dəhşətli repressiyalara reaksiyasını və ya susqunluğunu diqqətlə izləyirik və hamıya çağrış edirik: Xanımlar və cənablar Azərbaycandakı repressiyalara susmaq olmaz. Biz sizdən Azərbaycanda həyata keçirilən irimiqyaslı repressiyalara adekvat qərarlar və açıqlamalar gözləyirik”,- deyə Kərimli yazıb.

Daha çox göstər
Back to top button