
Fransa İranın nüvə proqramı ilə bağlı razılığa gəlməyə ümid edir, əks halda bölgədə hərbi münaqişə praktiki olaraq qaçılmaz olacaq”.
Bu haqda Fransa Milli Assambleyasının Xarici əlaqələr komitəsinin iclasında Fransa xarici işlər naziri Jan-Noel Barron bildirib.
“Bizim prioritetimiz İranın nüvə proqramına uzunmüddətli və yoxlanıla bilən məhdudiyyətlər qoyacaq razılaşmaya nail olmaqdır.
İmkan pəncərəsi daralır – bizim on il əvvəl əldə olunmuş razılaşmanın müddətinin başa çatmasına cəmi bir neçə ay qalıb.
Əgər danışıqlar uğursuz olsa, hərbi qarşıdurma demək olar ki, qaçılmaz görünəcək və bu, bölgənin qeyri-sabitləşməsi üçün çox yüksək qiymətə başa gələcək” – deyə Barron vurğulayıb.
2015-ci ildə İran, Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa Birgə Hərtərəfli Fəaliyyət Planını (BHFP) imzalayaraq Qərbin Tehranı nüvə silahı hazırlamaqda ittiham etməsi ilə bağlı 2002-ci ildən başlayan böhrana son qoyublar.
Lakin 2018-ci ildə ABŞ Prezidenti Donald Tramp BHFP-dən çıxacağını və İrana qarşı bütün Amerika sanksiyalarını bərpa edəcəyini elan edib.
Buna cavab olaraq, İran 2020-ci ildə BHFP çərçivəsində üzərinə götürdüyü öhdəlikləri azaldacağını və Atom Enerjisi üzrə Beynəlxalq agentliyin müfəttişlərinin girişinə məhdudiyyət qoyacağını bəyan edib.
2021–2022-ci illərdə Vyanada keçirilən nüvə sazişinin bərpasına dair danışıqlar nəticəsiz başa çatıb. 2025-ci ildə yenidən Ağ Evə qayıdan Donald Tramp İrana qarşı maksimum təzyiq siyasətini yeniləyən fərman imzalayıb.
Martın 7-də Tramp İranın ali rəhbəri Ayətullah Əli Xameneiyə mesaj göndərərək nüvə proqramı ilə bağlı danışıqlar aparmağı təklif etdiyini bildirib.
Tehran ABŞ-la birbaşa dialoqdan imtina edib, lakin vasitəçilər vasitəsilə danışıqları davam etdirməyə razılıq verib.
Martın 30-da Tramp bəyan edib ki, əgər nüvə danışıqları uğursuz olarsa, iki həftə ərzində İrana qarşı əlavə gömrük rüsumları tətbiq edəcək.
O, həmçinin İranın razılaşmadan tamamilə imtina edəcəyi təqdirdə ölkəni bombalamaqla hədələyib.







