Tramp Davosda bir sıra yanlış iddialar irəli sürdü

ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda dünya liderləri qarşısında çıxış edərkən bir sıra yalan ifadələr işlətmişdir. Bu barədə BBC məlumat yayıb.
ABŞ Qrenlandiyanı Danimarkaya İkinci Dünya müharibəsindən sonra “qaytardı”?
Qrenlandiya heç vaxt amerikan ərazisi olmayıb, ona görə də ABŞ onu heç bir şəkildə “qaytara” bilməzdi.
1941-ci ildə, Danimarkanın nasist Almaniyası tərəfindən işğal edilib təslim olduğundan sonra, Amerika Birləşmiş Ştatları və Danimarkanın nümayəndələri, ABŞ-nin nasistlərin böyük adanı tutmasının qarşısını almaq üçün Qrenlandiyanı müdafiə edə biləcəyi barədə saziş imzaladılar.
Bu sazişin imzalanmasından sonra adada bir neçə amerikan hərbi bazası inşa edilmiş və amerikan qoşunları yerləşdirilmişdir. Lakin bu saziş suverenliyin ötürülməsini nəzərdə tutmurdu.
ABŞ NATO-nun müdafiə ehtiyaclarının “demək olar ki, 100%-ni” ödəyib?
ABŞ prezidenti NATO-nu tənqid edərək bildirib ki, Birləşmiş Ştatların ödənişləri Şimali Atlantika Alyansının büdcəsindəki bütün ödənişlərin demək olar ki, 100%-ni təşkil edib.
O, eyni zamanda bildirib ki, NATO-nun üzv ölkələrinin ödənişləri minimal olub: “Onlar hətta 2 faiz belə ödəməyiblər, indi isə 5 faiz ödəyirlər”.
Bu iddiaların heç biri düzgün deyil.
Son illərdə ABŞ-nin müdafiə xərcləri NATO ölkələrinin ümumi xərclərinin təxminən 70 faizini təşkil edib. 2024-cü ildə bu göstərici 65 faizə enib, 2025-ci ildə isə proqnozlara görə 62 faizə çatacaq, çünki NATO-nun bütün üzvləri ilk dəfə olaraq öz ÜDM-lərinin ən azı 2 faizini müdafiəyə sərf etməyə borcludurlar.
ABŞ NATO-dan heç nə əldə etməyib?
ABŞ alyansın 5-ci maddəsindən istifadə edən yeganə üzvüdür.
2001-ci il sentyabrın 11-dəki terror hücumlarından sonra NATO ölkələri “Anakonda” əməliyyatı və Əfqanıstanda sonrakı hərbi əməliyyatlar üçün Birləşmiş Ştatlara qoşun və texnika təmin etdilər.
Əhəmiyyətli töhfə verən ölkələr arasında Danimarka da var idi, hansı ki, Əfqanıstanda ABŞ-nin müttəfiqləri arasında bir adam başına düşən ən yüksək itkilərdən birinə məruz qalıb.
Çində külək elektrik stansiyaları yoxdur?
Çinin Qansu əyalətində dünyanın ən böyük külək elektrik stansiyalarından biri yerləşir. Qansu külək elektrik stansiyaları kompleksi hətta kosmosdan da görünə bilər.
Our World in Data məlumatlarına görə, Çin küləkdən enerji istehsalında dünyanın ən böyük istehsalçısıdır.
Tramp ABŞ iqtisadiyyatına 18 trilyon dollar investisiya cəlb edib?
“Amerika istehsalı, texnologiyaları və infrastrukturu sahəsində edilən investisiyaları” izləyən Ağ Evin saytı bu yanvar ayında keçən ilin noyabr ayı üçün məlumatlar dərc edib. Orada qeyd olunub ki, Trumpın Ağ Evə qayıtdığı andan etibarən investisiyalar 9,6 trilyon dollar təşkil edib.







