Ekonomika

”İsma Bikes”-in bağlandığı bildirilir

Ötən ay İsmayıllıda istifadəyə verilmiş “İsma Bikes” velosiped zavodunun fəaliyyətinin dayandırıldığı deyilir.

Bu barədə məlumatı hüquq müdafiəçisi Oqtay Güləliyev öz “Facebook” səhifəsində yazıb:

“Dostlar, xəbəriniz varmı bir ay öncə İsmayıllıda istifadəyə verilmiş “İsma Bikes” velosiped zavodu fəaliyyətini dayandırıb. Halbuki, həmin zavodun açılışında dövlət başçısı İlham Əliyev də iştirak etmiş, lent kəsmiş, velosiped sürmüş və bildirilmişdi ki, bu il 50 nəfərin, gələn il 100 nəfərin işləyəcəyi zavodda Bolqarıstanla birlikdə Azərbaycanda müasir standartlara uyğun velosiped, əlil arabaları və s. istehsal olunacaq. Velotreklər salınıb, idman yarışları keçiriləcək”.

Zavodun inşası üçün 7 milyon manat xərcləndiyi bildirilir. Oqtay Güləliyevin yazdığına görə, zavodun fəaliyyətinin dayandırılmasının səbəbi bəlli deyil: “Yerli sakinlərdən bir nəfər hətta bildirdi ki, açılışında nümayiş olunan velosipedlər bu zavodda istehsal olunmayıb, kənardan gətirilib”.

“İsma Bikes” zavodu Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən olan “Synergy Group”-a daxildir.

“Synergy Group” ASC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin meneceri Ayxan Nəsibli Meydan TV-yə bildirdi ki, onlarda zavodun fəaliyyətini dayandırması ilə bağlı hər hansı məlumat yoxdur.

Daha çox göstər
Back to top button