Ekonomika

Ekspert: İdxal malları bahalaşacaq

2017-ci ilin büdcəsinin gəlir hissəsinin artımının formalaşmasında ən böyük məsuliyyət Dövlət Gömrük Komitəsi (DGK-nin) üzərində olacaq. Qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmaların artırılmasının əsas yükü bu Komitənin üzərinə qoyulub.

38 FAİZ ARTIQ

DGK-nın planı gələn il bu ilin proqnoz göstəricisi ilə müqayisədə 390 milyon manat və ya 21.5 faiz artırılıb. DGK-nın yeni il üçün proqnoz öhdəlikləri 2015-ci ilin faktiki göstəricisindən 608.1 milyon manat və 38.2 faiz çoxdur.

Bəs bu öhdəliyi Komitə necə yerinə yetirəcək? İqtisadçı-ekspert Qubad İbadoğlu deyir ki, 2017-ci ilin büdcəsində gömrük ödənişlərinin kəskin artımla proqnozlaşdırılması yalnız tariflərin deyil, ƏDV-nin də dərəcəsinin artırılmasına hesablanıb: «Bu da son nəticədə idxal mallarının bahalaşmasını şərtləndirəcək».

«ƏZİYYƏTİNİ İSTEHLAKÇILAR ÇƏKƏCƏK»

Ekspert əlavə edir ki, gələn il DGK-dan daxilolmalar qeyri-neft büdcə gəlirlərinin 27.2, cəmi büdcə gəlirlərinin 13.8, Ümumi Daxili Məhsulun isə 3.5 faizini təşkil edəcək. Bu da, əsasən, idxala əlavə dəyər vergisi və gömrük rüsumları hesabına formalaşacaq: «Bu halda DGK yalnız idxala ƏDV üzrə büdcəyə 1.64 milyard manat, gömrük rüsumlarına görə 454 milyon manat, aksizlərə görə 90 milyon manat və yol vergisinə görə 17 milyon manat ödəməlidir».

Q.İbadoğlu bildirir ki, DGK-nın bu ödənişləri, ilkin olaraq, sahibkarların xərclərində, son nəticədə isə istehlak qiymətlərində özünü göstərəcək. İqtisadçının fikrincə, bunun əziyyətini də eyni məhsullara əvvəlkindən daha çox pul xərcləmək məcburiyyətində qalan istehlakçılar çəkəcək.

Daha çox göstər
Back to top button