Ekonomika

Hüseyn Abdullayev böhrandan çıxış üçün çağırış etdi

Hazırda Almaniyada mühacir həyatı yaşayan keçmiş millət vəkili Hüseyn Abdullayev ölkəni düşdüyü iqtisadi fəlakətdən çıxarmaq üçün hakimiyyəti milli həmrəyliyə və qabiliyyətli iqtisadçılardan ibarət bir komanda formalaşdırmağa çağırıb.

H.Abdullayev bu barədə özünün feysbuk səhifəsində yazıb ki, indi hər birimizi düşündürən ən vacib məsələlərdən biri iqtisadiyyatımızın düşdüyü ağır vəziyyətindən nə vaxt və necə çıxa biləcəyidir. “Hazırkı mənzərə onu göstərir ki, böhranın bu cür dərinləşməsində əsas rol oynayan hakimiyyətin konkret addımlar atmaq əvəzinə, boş, primitiv və populist bəyanatlar verməsi, heç bir əməli tədbirlər görməməsidir”, – deyə keçmiş millət vəkili qeyd edib. Onun fikrincə, həm iqtidar, həm də müxalifət nümayəndələri bir araya gəlib, dərinləşməkdə olan böhrandan necə çıxmağın konkret strategiyasını müəyyənləşdirməlidilər. Əks halda, ictimai sabitliyin qorunması və daha dəhşətli xarakter daşıyacaq gözlənilən kriminogen vəziyyətin nəzarətdə saxlanması mümkün olmayacaq.

“Təbii ki, bu təşəbbüs və siyasi iradəni xüsusi ilə iqtidar tərəfi göstərməlidir. Şəxsən mənim görmək istədiyim həmin nümayəndə heyəti yüksək qabiliyyətli, peşəkar və mənsub olduğu xalqın marağını hər şeydən uca və üstün tutan ciddi iqtisadçılardan ibarət olmalıdır. Belə bir komandanın yaradıldığı tədqirdə, Azərbaycandakı makro iqtisadi vəziyyət diqqətlə analiz edilməli və gərəkirsə hətta xaricdən belə, tanınmış mütəxəssislər cəlb edilməli və məhz onların monitorinqi altında çevik və təxirə salınmaz tədbirlər görülməlidir (mən öz növbəmdə aparıcı alman ekspertlərinin və tanınmış sənayeçi iş adamlarının bu proçesə cəlb olunmasına hər cür yardım göstərməyə hazıram)”, – deyə H.Abdullayev yazır.

Daha çox göstər
Back to top button