Faktlar İlham Əliyevi təkzib edir – ölkə geri gedir EKSPERT ŞƏRHİ

Nemət Əliyev, iqtisadçı ekspert
Nazirlər Kabinetinin dünənki iclasında dövlət başçısı İlham Əliyev elan edib ki, 9 ayda ölkəuğurla və hərtərəfli inkişaf edib, bütün sahələrdə dinamik inkişaf təmin olunub. Doğrudanmı? Gəlin baxaq.
Bu məsələyə yalnız rəsmi məlumatlar əsasında lakonik şəkildə münasibət bildirəcəyəm (İlin 9 aylıq makroiqtisadi göstəriciləri ictimaiyyətə açıqlanmadığına görə burada 8 aylıq göstəricilərə istinad olunur. Hesab edirik ki, sonuncu 1 aylıq dövr ümumi tendensiyanı dəyişdirmək gücündə deyil).
1) Rəsmi açıqlamaya görə ölkə üzrə ÜDM-in həcmi 1,1% azalıb. Yəni, ümumi iqtisadiyyatda dinamik inkişaf deyil, tənəzzül yaşanır. Bu üzdən iqtisadiyyatımız ötən ilə nəzərən daha da kiçilib;
2) Mədənçıxarma sənayesində 7% düşmə qeydə alınıb. Qeyri-neft emal sənayesində0,9% dinamika müşahidə olunsa da, bu vəziyyət emal sənayesində ümumi enmətendensiyasını dəyişmək gücündə olmayıb. Bu üzdən emal sənayesində istehsal 2,4% düşüb. Ümumi sənaye istehsalı isə ölkə üzrə 6% azalıb. Deməli, sənayedə inkişaf yoxdur. Burada tənəzzül yaşanır;
3) Kənd təsərrüfatında istehsalın tempi 2,4%-dən 1,7%-ə düşüb. Ümumi əkin sahəsinin təxminən 60 faizində becərilmiş dənli və dənli-paxlalı bitkilərin istehsalı 5,6% aşağı düşüb. İyul ayının 1-nə olan vəziyyətə görə həm inək və camışların, həm də qoyun vəkeçilərin baş sayında azalma əmələ gəlib. Deməli, burada da vəziyyət pisləşib. Pisləşmə tendensiyası həm bitkiçiliyə, həm də heyvandarlığa sirayət edib;
4) Nəqliyyat sektorunda yük dövriyyəsi ötən ilki səviyyədən aşağı düşüb (61,3 milyon ton-km-dən 60,8 milyon ton-km-ə enib). Bu göstərici də pisləşib;
5) İnformasiya və rabitə xidmətlərində temp 9,2%-dən 5,1%-ə düşüb. Yəni, tendensiya pisləşməyə yön alıb. Burada vəziyyəti ağırlaşdıran həm də odur ki, milyardlarla maliyyə tökmək hesabına kosmosa qaldırılmış peyklərin bu sahəyə tövhəsi adekvat nəticələr ortaya çıxarmayıb;
6) Pərakəndə ticarət dövriyyəsi üzrə temp də aşağı enib;
7) Ölkə üzrə qiymətlərin səviyyəsi ötən dövrdə 10,4%-dən 14%-ə yüksəlib. Deməli, ölkədə bahalaşma sürətlənib;
8) Əhalinin nominal gəlirlərinin artım tempi zəifləyib. Lakin itkilər bununla bitməyib. Çünki 14%-lik inflyasiyanın təsiri ilə əhalinin real gəlirləri 6,4% azalıb;
9) Ötən bir ildə kredit qoyuluşu 23% və ya 3,8 milyard manat düşüb. Bununla yanaşı problemli kreditdlərin həcmi bu 1 ildə 20,5% və ya 308 milyon manat böyüyüb;
10) Xarici investorlar ötən ilki yatırımları daha 3%-ə qədər azaldıblar. Yerli müəssisəvə təşkilatlar isə bu yöndəki fəaliyyətlərini 20%-dək zəiflədiblər;
11) Bu ilin 8 aylıq xarici ticarət dövriyyəsi ötən ilə nəzərən 9,24% azalıb. O cümlədən, ixrac dövriyyəsi 12,6%, idxal dövriyyəsi isə 4,22% azalıb.
Siyahını daha da böyütmək mümkündür. Lakin nəticə çıxarmaq, ümumi dəyərləndirməetmək üçün bu qədər yetərlidir. Nəticələr belədirsə, o zaman iqtisadiyyatda dinamika, uğurlu nəticələr haqqında necə düşünmək və necə fikir söyləmək olar? Əksinə, sosial-iqtisadi göstəricilərin təhlili onu deməyə əsas verir ki, ötən illə müqayisədə ölkədəvəziyyət daha da ağırlaşıb və ölkə geri gedir. Əgər nəticələr budursa, o zaman həyata keçirilmiş hər-hansı islahatdan danışmaq da olmaz.







