Vahid Əhmədov: “Əmanətlərin qaytarılmasında problemlər var”

«Bank sistemi normal fəaliyyətə başlayana kimi ölkə problem yaşayacaq. Amma bu sahədə hələ ki, müsbət bir addım görünmür».
“Azadliq.org” saytına əsasən, deputat Vahid Əhmədov ölkənin bank sistemindəki ümumi durumu belə dəyərləndirib.
V.Əhmədov deyir ki, burada problem bir neçə məsələdədir. Onun fikrincə, bir tərəfdən, problemli kreditlər məsələsi iki ildir ki, həllini tapmır. Başqa bir tərəfdən, verilən kreditlərin faizləri 25-30 faizdən aşağı düşmür.
Deputat hesab edir ki, 2016-cı ildə bankların bağlanması prosesi də düzgün deyildi:
«Əksinə, iri banklar yaradılması cəmiyyətin mənafeyinə uyğun idi. Amma bank sahibləri dil tapa bilmirlər. İndiki halda banklar ayrı-ayrılıqda kifayət qədər kredit portfelinə malik deyillər».
V.Əhmədov hesab edir ki, bu durumla bank sistemində müsbət dönüş yaranacağına inanmaq bir az çətindir. Deputata görə, bağlanan banklarda əmanətlərin qaytarılmasında da problemlər var və onlarla sıravi vətəndaşlardan şikayətlər gəlir:
«Özü də bu məbləğlər 1000-2000 manat həcmindədir. Yəni, bu insanların bu vəsaitlərə ehtiyacı var».
V.Əhmədov Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətini də ciddi tənqid edib. Deputat deyir ki, bu qurumun fəaliyyətinin yoxlanılması ilə bağlı fikrində də qalır.
V.Əhmədov Banklar Assosiasiyasının Bank Ombudsmanlığı yaranmasına da münasibət bildirib. Deputat bu hadisəni müsbət saysa da, bunun hüquqi cəhətdən rəsmiləşdirilməsinin vacibliyini bildirir.
Deputatın bu dediklərinə hələlik Əmanətlərin Sığortalanması Fondundan münasibət almaq mümkün olmayıb.







