İctimaiyyət

Cahangir Hacıyevin aclıq aksiyası keçirdiyi bildirilir

Meydan TV-nin xəbərinə görə, keçmiş bankirin ailəsi ilə əlaqəsinə imkan verilmir.

“Beynəlxalq Bank”ın keçmiş rəhbəri, 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin ailə üzvləri ona qarşı təzyiqlərin artdığını bildirir. Məlumata görə, keçmiş bankirin yaxınları ilə görüşmək, telefonla danışmaq hüququ məhdudlaşdırılıb. Onun üçün aparılan sovqatın da qəbulundan imtina edilir.

C.Hacıyev də bütün bunlara etiraz olaraq, aclıq aksiyasına başlayıb. Yaxınları onun sağlıq durumu ilə bağlı heç bir xəbər ala bilmədiklərini deyirlər.

Penitensiar Xidmət isə C.Hacıyevin aclıq aksiyası keçirməsi barədə xəbəri təsdiqləməyib.

C.Hacıyev 2015-ci ilin fevralında “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılıb. Həmin il dekabrın 4-də həbs edilib. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq), 179 (məminsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı) və s. maddələri ilə ittiham olunur. C.Hacıyev bankın milyonlarla vəsaitini mənimsəməkdə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

Sabiq bank rəhbəri əvvəlcə Ali Məhkəməyə kassasiya şikayəti versə də, işə baxılan ərəfədə şikayətini geri götürüb.

C.Hacıyev ittihamları qəbul etmir və siyasi motivlərlə həbs olunduğunu bildirir. O, həbsinə görə xüsusilə maliyyə naziri Samir Şərifovu ittiham edirdi.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button