Ekonomika

Ekspert: ‘Neftdən asılılıq necə var idisə elə də qalıb…’

Bu günlər Maliyyə Nazirliyi 2020-ci il üzrə Azərbaycanın büdcə layihəsini təqdim edib. Sənədə əsasən gələn il ölkənin gəlirlərinin 53 faizi neft sektorun payına düşür.

İqtisadçı-ekspert Toğrul Maşallının sözlərinə görə, bu proqnoz onu göstərir ki, Azərbaycan iqtisadiyyatı neftdən asılılıqdan qurtula bilmir: “Reallıqda baş verən iqtisadi proseslər onu göstərir ki, neftdən asılılıq necə var idisə elə də qalıb. Son illərin göstəriciləri isə iqtisadiyyatda neftin payın artmasından xəbər verir. Neft gəlirləri artır deyə, digər sahələrdə inkişaf yoxdur”.

Ekspert vurğulayıb ki, qeyri-neft sektorundan 47 faiz gəlirlərin əldə ediləcəyi məsələsi real görünmür: “Bizdə qeyri-neft sektorundan gəlirlər deyəndə Gömrük Komitəsindən yığımları, Vergilər Nazirliyinin SOCAR-dan və başqa digər qurumlardan vergi yığımları nəzərdə tutulur. Bunları müəyyən mənada qeyri-neft sektoru saymaq düzgün deyil. Bizdə neft sektorundan əldə edilmiş gəlirləri digər sahələrə yatırılır və onlardan əldə olunmuş gəlirlərin vergisini qeyri-neft sektorundan gəlir kimi təqdim edirlər. Reallıqda bunun qeyri-neft sektoruna aidiyyatı yoxdur və 47 faiz dedikləri rəqəm süni şişirdilib”.

2014-cü ildə dünyada neftin qiyməti kəskin ucuzlaşanda Azərbaycan hakimiyyəti qeyri-neft sektorunun inkişafının prioritet olduğunu açıqlamışdı.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-avqust aylarında ölkədə 50875,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Daha çox göstər
Back to top button