Başlıcaİctimaiyyət

Azərbaycanın baş epidemioloqu vəzifəsindən istefa verib – Ağayev kənddən “qayıtmadı”

Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev vəzifəsindən istefa verib.

Məlumatı “APA” agentliyinə İbadulla Ağayev özü verib.

O, istefa verməsinin səbəblərini açıqlamayıb və könüllü olaraq vəzifəsindən getdiyini bildirib. 1976-cı ildən Azərbaycan Tibb Universitetində işlədiyini bildirən İbadulla Ağayev, 90-cı illərdən ictimai əsaslarla baş epidemioloq olduğunu deyib:

“İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”.

İstefadan əvvəl İbadulla Ağayev qalmaqalla üzləşib. İyulun 2-də İbadulla Ağayev jurnalistlərin biri ilə söhbətində kəndə getdiyindən ölkədə koronavirusla bağlı durumdan məlumatsız olduğunu deyib:

“Heç nədən xəbərim yoxdur, kənddə oturmuşam, nə televizorum, nə internetim var. Mən baş epidemioloq olanda nə olar?! Yas yerinə gəlmişəm”.

Bu açıqlamadan sonra İbadulla Ağayev tənqid hədəfinə çevrilib və onun pandemiya dövründə iş başında olmaması ilə bağlı suallar gündəmi zəbt edib.

Qeyd edək ki, Azərbaycanda indiyə qədər 21 374 nəfər yeni koronavirus infeksiyasına yoluxub, onlardan 12 635 nəfər sağalıb, 265 pasiyent ölüb, hazırda 8 474 xəstə xüsusi rejimli xəstəxanalarda müalicə olunur.

Daha çox göstər
Back to top button