AİHM Azərbaycanı 64 min avro cərimələdi

Sentyabrın 21-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş 7 ərizə üzrə qərarını elan edib.
Azərbaycan KİV-lərinə əsasən, bu qərarlar üzrə Azərbaycan hökuməti ərizəçilərə ümumilikdə 64 min 30 avro təzminat ödəməlidir.
“Zülfiyyə Əliyeva və başqaları Azərbaycana qarşı” iş Səbail rayon sakinlərinin pozulan mülkiyyət hüquqları barəsindədir.
Onların evi 2011-2012-ci illərdə yol tikintisi zamanı sökülüb. Söküntü Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən aparılıb. Ərizəçilərə dövlət hər kv.m üçün 1500 Azərbaycan manatı (AZN) məbləğində təzminat ödəyib. Ancaq onlar ümumi məbləğin 30 faizinə barabər məbləğdə kompensasiyalara əlavəni ala bilməyiblər.
AİHM-ə müraciət edərək bildiriblər ki, mübahisə üzrə milli məhkəmələrin qərarları onların təminat altına alınan mülkiyyət və ayrı-seçkiliyin yolverilməzliyi hüququna zidd olub.
Məhkəmə ərizəçilərin iddialarını əsaslı hesab edib.
Hökumət ərizəçilərə maddi zərərə görə ümumilikdə 64 min 30 avro təzminat ödəyəcək.







