
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının “dondurulduğunu” bəyan edib.
Paşinyan bunu “France 24” telekanalına müsahibəsində açıqalyıb.
“Kollektiv təhlükəsizlik müqaviləsi, fikrimizcə, 2021-ci və 2022-ci illərdə Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirmədi və bu, nəticəsiz keçə bilməz. Bu, bizim diqqətimizdən kənarda qala bilməzdi və Ermənistan KTMT-də iştirakını dondurdu”.
Eyni zamanda, Paşinyan əmin edib ki, Ermənistanda Rusiya hərbi bazasının saxlanılması məsələsi gündəmdə deyil.
Hazırda Ermənistanda Rusiya hərbi bazası ilə bağlı heç bir müzakirə aparılmır.
Onun sözlərinə görə, bazanın KTMT ilə əlaqəsi yoxdur: “Bazaya gəlincə, bunun Ermənistan Respublikasının ərazisində olması KTMT ilə razılaşma çərçivəsində deyil. Əslində, bu, başqa bir müqavilənin mövzusudur və biz hazırda bu barədə danışmırıq”.







