
Beynəlxalq Respublika İnstitutunun (IRI) müşahidəçi nümayəndə heyəti iyunun 3-dən 8-dək Ermənistanda olacaq və iyunun 7-də keçiriləcək parlament seçkilərini müşahidə edəcək.
Alınan məlumata görə, bu barədə təşkilatın yaydığı müvafiq məlumatda qeyd olunur. Qeyd edilir ki, Milli Demokratiya Fondu (NED) prezidenti, ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü Piter Roskamın başçılıq etdiyi nümayəndə heyəti iyunun 3-də Yerevana gələcək.
IRI-nin uzunmüddətli müşahidəçilərinə qoşulacaq və maraqlı tərəflərin geniş dairəsi ilə, o cümlədən seçki orqanları, hakim və müxalif siyasi partiyalar, vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər, diplomatik missiyalar və seçkilərin təşkili və keçirilməsi prosesində iştirak edən dövlət qurumları ilə görüşəcək.
Piter Roskam qeyd edib ki, Ermənistan seçkiləri ölkənin demokratik gələcəyi üçün ən vacib vaxtda baş verir.
“Seçkilərin nəticəsi təkcə Ermənistanın iqtisadi və təhlükəsizlik məsələlərinə, regional və beynəlxalq tərəfdaşlarla münasibətlərə yanaşmasını formalaşdırmayacaq, həm də seçki prosesinə ictimai etimad baxımından uzunmüddətli nəticələrə malik olacaq”- deyə o, qeyd edib.
Bildirilir ki, missiya seçkilərlə bağlı ilkin nəticələrini iyunun 8-də İrəvanda keçiriləcək mətbuat konfransında təqdim edəcək.
Təşkilatın məlumatında deyilir ki, ilkin nəticələr və tövsiyələr IRI-nin aprel ayında keçirdiyi və iyunun 7-də səsvermədən əvvəl etibarlı seçkilərin şərtlərini qiymətləndirən seçkiöncəsi qiymətləndirməyə əsaslanacaq.
Missiyanın seçki proseslərinin keyfiyyəti ilə bağlı qərəzsiz qiymətləndirməni, o cümlədən seçkiöncəsi dövr və seçki gününün təşkilati tematik nəticələri və tövsiyələrini təqdim edəcək yekun hesabatı seçkilərdən sonrakı həftələrdə dərc olunacaq.







