Türkiyədə radio kanalı efirdə “Еrməni Soyqırımı” ifadəsini işlətdiyi üçün bağlanıb

Türkiyə Radio və Televiziya Ali Şurasının qərarı ilə İstanbulda fəaliyyət göstərən Açıq Radio (Açık Radio) efirdə “Erməni Soyqırımı” ifadəsinin işlədilməsi səbəbindən fəaliyyətini dayandırıb.
“Armenpress”in məlumatına görə, “Bianet” xəbər verir ki, radiostansiya hələ iyul ayında lisenziyasından məhrum edilib, lakin radio oktyabrın 16-dək yayıma çıxıb.
Apreldə Açık Radio-nun qonağı 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərə qarşı törədilən qırğınları soyqırım adlandırdıqdan sonra radiostansiyanın fəaliyyəti məhdudlaşdırılıb.
Radiostansiyanın yaradıcısı Ömər Madra radiostansiyanın fəaliyyətini dayandırdığını bildirən mesaj göndərib: “Beləliklə, işimiz bitdi. Bütün Açık Radyo dinləyicilərinə və dəstəkləyənlərə təşəkkür edirik. Açık Radyo kainatdakı bütün səslərə, rənglərə və titrəmələrə açıq qalacaq”.
İyulun 4-də “Armenpress” radiostansiyanın lisenziyasından məhrum edilməsi ilə bağlı qərar barədə məlumat yayıb. Türkiyə Radio və Televiziya Ali Şurası əvvəlcə radionun cərimələnməsi və yayımının dayandırılması, daha sonra Açıq Radyo-nun yayımı dayandırma qərarına əməl etməməsinin ardından lisenziyanın ləğvi barədə qərar qəbul edib. “Armenpress”in Brüsseldəki müxbiri ilə söhbətində radionun nümayəndələri məlumat veriblər ki, yayımın dayandırılması barədə qərarı irca etmədilər, çünki əvvəllər məhkəməyə müraciət edib və həmin qərardan apellyasiya şikayəti veriblər, lakin Ali Şura məhkəmənin qərarını gözləmədən radiostansiyanın lisenziyasından məhrum edilməsi barədə qərar qəbul edib.
Hakim Ədalət və İnkişaf Partiyasının nümayəndələrinin üstünlük təşkil etdiyi 9 nəfərlik şura verilişin yayımını dayandırmadığı üçün radionu bağlamaq qərarına gəlib. Şuranın fikrincə, bu, “irqindən, dilindən, dinindən, cinsindən, sinfindən və məzhəbindən asılı olmayaraq, ictimaiyyətdə nifrət və ədavət salmaq və ya ictimaiyyətdə nifrət hissi yaratmaq” maddəsini pozub.







