Baş nazir: “Hazırda 1,5 milyard dollar dəyərində əmlak müsadirə edilib”

Qanunsuz əldə edilmiş əmlakın geri qaytarılması hüquqi mexanizmlər və prosedurlar çərçivəsində həyata keçirilməlidir. Verilən məlumatına görə, Ermənistan parlamentində hökumətlə sual-cavab zamanı baş nazir Nikol Paşinyan bu barədə bəyanat verib.
Paşinyan vurğulayıb ki, Ermənistan hökuməti müvafiq dövlət institutunu yaradıb və bu qurum siyasi hakimiyyətdən asılı olmayaraq qanunsuz əmlakın müsadirəsini davam etdirəcək.
“Bizdə qanunsuz əmlakın müsadirə edilməsi üçün bir sistem mövcuddur.
Bundan əlavə, dövlət maraqlarının qorunması çərçivəsində müsadirə mexanizmi və icma maraqlarının qorunması üçün də ayrıca bir sistem yaradılıb. Həmçinin milliləşdirmə institutu təsis etmişik” – deyə Baş nazir bildirib.
O əlavə edib ki, hökumət bu istiqamətdə genişmiqyaslı işlər görüb və artıq bu sistem heç bir siyasi qüvvənin iradəsindən asılı deyil.
“Biz dövlət institutu yaratmışıq. Əgər biz pis hakimiyyətiksə və qanunsuz əmlakın geri qaytarılması sistemini pis icra ediriksə, xalq yaxşı hakimiyyət seçəcək və həmin hakimiyyət 5 il ərzində bizim kimi çətinliklərlə mübarizə aparmaq əvəzinə, artıq yaradılmış mexanizmlə işləyəcək”– deyə Paşinyan əlavə edib.
Baş nazir həmçinin qeyd edib ki, hazırda 1,5 milyard dollar dəyərində əmlak müsadirə edilib, bu isə o deməkdir ki, həmin əmlak Ermənistanın sərhədlərindən kənara çıxarıla bilməz.







