ABŞ Rusiya prezidenti Vladimir Putinə göstərməlidir ki, Amerika Rusiyanı və şəxsən onu “balıq yeməyi”nə çevirə bilər”, – respublikaçı senator Con Kennedi Ukraynada müharibəyə son qoymaq üçün danışıqların gedişatını və Rusiyanın mülki hədəflərə zərbələrini davam etdirməsini şərh edərkən deyib.
“Putin prezident Trampa verdiyi bütün vədləri pozdu. O, prezidentimizə qarşı hörmətsizlik edib. Cənab Putinə onu və ölkəsini balıq yeməyinə çevirməyə hazır olduğumuzu başa salmayana qədər vəziyyətin yaxşılaşacağını düşünmürəm”, – Kennedi Fox News telekanalında deyib. Rusiyanın sülh danışıqlarına başlaması üçün onu “sındırmaq” və “boğmaq” lazımdır”, – senator əlavə edib.
Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp yenidən Putini Ukraynaya hücumları dayandırmağa və danışıqlar masasına oturmağa çağırıb. Ağ Ev rəhbəri həmçinin aprelin 24-də Kiyevə 12 nəfərin ölümü və 87 nəfərin yaralanması ilə nəticələnən raket hücumundan “dərin məyus olduğunu” deyib.
“Növbəti bir neçə gün ərzində nə baş verəcəyini görəcəyik. Razılaşma üçün əsasımız var. Mən onun imzalamasını, bitirməsini və normal həyatına qayıtmasını istəyirəm” deyə Tramp jurnalistlərə bildirib.
Bundan əvvəl Tramp dəfələrlə Putinin danışıqlara hazır olduğunu və “sülh istədiyini” bildirmişdi. Lakin təkcə aprel ayında Rusiya ordusu Ukraynanın Krivoy Roq, Sumı və Kiyev şəhərlərinə üç dəfə kütləvi hücuma keçib və nəticədə çoxlu sayda insan itkisi olub.







