İdman

Ermənistan və İran Araks çayı üzərində ikinci körpünün tikintisi ilə bağlı razılığa gəliblər

Ermənistan və İran Araks  çayı üzərində ikinci körpünün tikintisi ilə bağlı razılığa gəliblər. Bu haqda  İranın rəsmi nümayəndə heyətinin tərkibində Yerevanda olan İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq Tasnim agentliyinə müsahibəsində deyib.

Sadiqin qeyd etdiyi kimi, Noraduzda ikinci körpünün tikintisi, mövcud körpünün yenidən qurulması, sərhəd terminallarının təkmilləşdirilməsi və yük maşınları üçün ödənişlərə yenidən baxılması ilə bağlı ilkin razılıqlar əldə olunub.

“Bu addımlar ekspeditorların işini asanlaşdıracaq və tam tranzit paketini formalaşdıracaq. Paket yaxın aylarda tamamlanacaq” – deyə nazir bildirib.

Onun sözlərinə görə, dəmir yolu layihələrinə xüsusi diqqət yetirilir. Sadiq Fars körfəzini Qara dənizə birləşdirən dəmir yolu xəttinin strateji əhəmiyyət daşıdığını vurğulayıb. İranda yol artıq Culfaya çatır və Culfa-Yerevan  marşrutu da təsdiqlənib.

Bundan əlavə, tərəflər hava daşımaları sahəsində memorandum yaratmağa hazırlaşır. Ermənistanın dənizə çıxışı olmadığı nəzərə alınaraq, liman infrastrukturu sahəsində əməkdaşlıq da gündəliyə daxil edilib.

 Bunun üçün Fars körfəzi və Oman dənizi sahillərində yerləşən İranın cənub limanlarının logistik potensialından istifadə edilməsi planlaşdırılır.

Bu təşəbbüslər İran, Ermənistan, Avropa və Şərqi Asiya arasında tranzit daşımaların inkişafı üçün möhkəm zəmin yaradacaq” –  deyə Sadiq qeyd edib.

Eyni zamanda, Yerevanda Fars körfəzi-Qara dəniz avtomobil və dəmir yolu dəhlizinin inkişafı haqqında saziş də razılaşdırılıb.

Daha çox göstər
Back to top button