
İsrailin baş naziri Benyamin Netanyahu ilk dəfə olaraq Osmanlı İmperiyasının 20-ci əsrin əvvəllərində ermənilərə, assurlara və yunanlara qarşı törətdiyi soyqırımını açıq şəkildə etiraf edib, Times of Israel xəbər verir.
Patrick Bet-David-in podkastında İsrailin niyə hələ də Erməni Soyqırımını rəsmən tanımadığı sualına Netanyahu belə cavab verib: “Düşünürəm ki, onlar tanıyıblar. Düşünürəm ki, Knesset bununla bağlı qətnamə qəbul edib, baxmayaraq ki, hələ belə bir qanun yoxdur. Mən sadəcə olaraq tanıdım. Bu qədərdir”, – o əlavə edib.
Bet-David əslən İrandan olan assuriyalı xristian ailəsindəndir.
Sayt yazır ki, onun bəyanatı Türkiyə ilə münasibətlərin davam edən pisləşməsi fonunda İsrailin mövqeyində mümkün dəyişikliyə işarə kimi görünür. Nəşr ermənilərin onilliklərdir ki, soyqırımın beynəlxalq aləmdə tanınmasına çalışdıqlarını xatırladaraq, Osmanlı İmperiyası tərəfindən həyata keçirilən və təxminən 1,5 milyon insanın ölümünə səbəb olan kütləvi qırğınların, deportasiyaların və həbslərin soyqırım olduğunu vurğulayır.
Türkiyə Osmanlı İmperiyasının varisi olaraq bu xarakteristikanı qəti şəkildə rədd etməkdə davam edir. Sayt onu da qeyd edir ki, 20 aprel 1965-ci ildə Erməni Soyqırımını rəsmən tanıyan ilk ölkə Uruqvay olub.







