BaşlıcaSiyasət

Vahagn Xaçaturyan: “Cənubi Qafqazda rabitə yollarının açılması Gürcüstana da yeni imkanlar yaradacaq”

Cənubi Qafqazda regional rabitə yollarının açılması Gürcüstan üçün də Fars körfəzi ilə əlaqə yaratmaq imkanı yaradacaq, Gümrü-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi isə Gürcüstan dəmir yolları ilə birləşərək Avropa-Mərkəzi Asiya dəhlizinin vacib hissəsinə çevrilə bilər.

Alınan məlumata görə, bu haqda  Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə Tbilisidə birgə mətbuat konfransında Ermənistan Prezidenti Vahagn Xaçaturyan bildirib.

Ermənistan Prezidenti qeyd edib ki, Gürcüstan Prezidenti ilə görüşdə regional xarakterli məsələlərə, o cümlədən bu ilin 8 avqustunda Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan rəhbərləri arasında keçirilmiş üçtərəfli görüşün nəticələrinə və regional infrastrukturun blokadasının aradan qaldırılması ilə yaranacaq iqtisadi imkanlara toxunulub.

Xaçaturyan vurğulayıb ki, Vaşinqton sazişləri prosesi Ermənistan hökumətinin təqdim etdiyi “Sülh kəsişməsi” layihəsinin vizyonuna tam uyğundur:

“Ermənistan üçün prioritet suverenliyə, hüququn aliliyinə, bərabərliyə və qarşılıqlılıq əsaslarına əsaslanan regional sülh və qarşılıqlı əlaqənin institusionallaşdırılmasıdır.

Əminik ki, Ermənistan və Azərbaycan arasında qurulan uzunmüddətli sülh və sabitlik, həmçinin TRIPP layihəsi daxil olmaqla, regionda nəqliyyat və rabitə yollarının tam blokadasızlaşdırılması Cənubi Qafqazı effektiv tranzit və logistik mərkəzə çevirəcək, regional və qlobal əlaqələrin güclənməsinə kömək edəcək”.

Ermənistan Prezidentinin sözlərinə görə, davamlı sülhün, sabitliyin, təhlükəsizliyin, dövlətlər və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsi və rifah gələcəyinin qurulması beynəlxalq ictimaiyyətin ümumi məsuliyyətidir.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan, ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyev 8 avqustda Vaşinqtonda bəyannamə imzalayıblar. Bəyannamənin 4-cü bəndində deyilir:

“Ermənistan Respublikası Birləşmiş Ştatlar və qarşılıqlı razılaşdırılmış üçüncü tərəflərlə birlikdə Ermənistan ərazisində ‘Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu’ (TRIPP) rabitə layihəsinin həyata keçirilməsi üçün çərçivə müəyyən etmək məqsədilə işləyəcək.

Biz bu məqsədə mümkün qədər tez çatmaq üçün bütün lazımi addımları səmimi şəkildə atmaq qərarında olduğumuzu təsdiq edirik”.

Xatırladaq ki, Ermənistan Prezidenti Vahagn Xaçaturyan 19-20 noyabr tarixlərində Gürcüstana rəsmi səfər edib. Səfər çərçivəsində o, artıq Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb.

 Prezident həmçinin Gürcüstan Baş naziri İrakli Kobaxidze və Parlament sədri Şalva Papuaşvili ilə də görüşlər keçirəcəkdir.

Daha çox göstər
Back to top button