BaşlıcaBeynəlxalq

ABŞ Konqresmenləri Vaşinqtonda Əliyevin Mühafizəçiləri ilə Bağlı hadisənin araşdırılmasını tələb edirlər

ABŞ Konqresinin bir qrup üzvü dövlət katibi Marko Rubioya məktub ünvanlayaraq, ötən ay Vaşinqtondakı otelin qarşısında, Azərbaycan Prezidenti İlham Əliyevin qaldığı yerdə baş vermiş hadisənin araşdırılmasını və günahkarların məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülməsini xahiş ediblər.

Konqresmen Cim MakQovern məktubu sosial şəbəkələrdə dərc edib, Azərbaycan KİV-ləri yazır.

Məktubda qeyd olunur ki, Prezident İlham Əliyevin fevralın 19-da Vaşinqtona səfəri zamanı onun təhlükəsizlik işçiləri “Waldorf Astoria” otelinin qarşısında toplaşan etirazçılara qarşı güc tətbiq ediblər.

“Geniş yayılmış videogörüntülərdən göründüyü kimi, İlham Əliyevin təhlükəsizlik işçiləri həddindən artıq güc tətbiq edərək etirazçıları döyüb və onları təqib ediblər.

Bu, ABŞ hökumətinin yüksək vəzifəli məmurlarının bilavasitə yaxınlığında həyata keçirilən beynəlxalq səviyyədə təzyiq aktı kimi görünür.

Bu hadisə ilə bağlı dərin narahatlığımızı ifadə edirik”deyə bəyanatda bildirilir. Konqresmenlər qeyd ediblər ki, etirazçılar arasında Azərbaycanda 9 il həbs cəzasına məhkum edilmiş müxalif siyasətçi Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu da olub. Onun tərəfdarlarının fikrincə, saxtakarlıq ittihamı ilə verilən bu hökm siyasi səbəblərdən qaynaqlanır.

 “Biz bu hücumları Birləşmiş Ştatlarda hər bir insanın dinc toplaşmaq və söz azadlığı hüququna birbaşa müdaxilə kimi qınayırıq.

Bu hüquqlar Amerika demokratiyasının təməlində dayanır və həm ABŞ Konstitusiyası, həm də Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla qorunur” – deyə sənəddə vurğulanır.

 Məktubda həmçinin deyilir ki, Konqres üzvləri əvvəllər də ABŞ Dövlət Departamentinin illik hesabatlarında əks olunduğu kimi, Azərbaycanda insan hüquqları pozuntuları ilə bağlı narahatlıqlarını ifadə edib və ABŞ administrasiyasını Azərbaycan hakimiyyətinə beynəlxalq öhdəliklərini yerinə yetirmək üçün təzyiq göstərməyə çağırıblar.

Məktub müəlliflərinin fikrincə, ABŞ rəhbərliyi hadisəyə rəsmi və diplomatik kanallar vasitəsilə reaksiya verməli və günahkarların müəyyən edilməsi üçün araşdırma aparmalıdır.

Müraciəti senator Tim Keyn, konqresmenlər Cim MakQovern, Eleonor Holms Norton, Ceymi Ruskin, Dina Taytus, Donald Bayer və Ceyms Uokinşon imzalayıblar.

Hadisə fevralın 19-da İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Vaşinqtona səfəri zamanı baş verib. Bir neçə azərbaycanlı mühacir – hökumət tənqidçiləri Azərbaycan prezidentinin qaldığı otelin qarşısında dinc etiraz aksiyası keçirməyə cəhd ediblər. Lakin onlar Əliyevin mühafizəçiləri tərəfindən döyülüblər.

Mənbə factor.am.

Daha çox göstər
Back to top button