
Ermənistan Parlamentinin sədri Alen Simonyan bildirib ki, Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko ilə son telefon danışığının əsas məqsədi onu ad günü münasibətilə təbrik etmək olub.
Alınan məlumata görə, Alen Simonyan bu barədə Parlamentdə keçirdiyi brifinqdə, özü ilə Rusiya Federasiya Şurasının rəhbəri arasında baş tutan telefon danışığı zamanı hansı məsələlərin müzakirə edildiyinə dair suala cavab verərkən bildirib.
“Zəng həmkarımın ad günü münasibətilə idi. Deməliyəm ki, Federasiya Şurasının rəhbəri ilə ən yaxşı və hörmətli münasibətlərə sahibəm və biz həmişə açıq, birbaşa, qarşılıqlı hörmət məntiqində danışırıq.
Bir neçə gündən sonra İstanbula yollanacağam, o da orada olacaq. Ehtimal edirəm ki, orada ünsiyyətdə olacağıq. Söhbət rəsmi görüşdən getmir, sadəcə ünsiyyətdə olacağıq” – deyə Simonyan bildirib.
Daha əvvəl Ermənistan Parlamentinin sədri Alen Simonyan İstanbulda Parlamentlərarası İttifaqın (IPU) 152-ci konfransında iştirak edəcəyini, burada Gürcüstan və Azərbaycan parlamentlərinin rəhbərləri ilə görüşlərin nəzərdə tutulduğunu bildirmişdi.
Aprelin 7-də Ermənistan Parlamentinin mətbuat xidməti yaydığı məlumatda Alen Simonyanın Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko ilə telefon danışığı keçirərək onu ad günü münasibətilə təbrik etdiyini bildirmişdi.







