BaşlıcaBeynəlxalq

 “Azatutyun” radiosu:“AB-nin  Ermənistanda ikinci missiyası   həyata keçiriləcək”

Avropa Birliyinə üzv ölkələrin səfirləri Brüsseldə Ermənistana yeni mülki missiyanın göndərilməsi ilə bağlı qərar qəbul ediblər və bu, gələn həftə AB Xarici işlər nazirlərinin iclasında yekun təsdiqin verilməsi üçün zəmin yaradır.

“Azadutyun” radiosunun əldə etdiyi sənəddə AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin missiyanın mandatı, strukturu və müddəti ilə bağlı təklifi təqdim olunub.

Sənədə görə, missiya Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməli, nazirliklərə və təhlükəsizlik sahəsində fəaliyyət göstərən qurumlara strateji və praktiki məsləhət və dəstək verməlidir.

Bu məsləhətlər siyasətlərin hazırlanması, xarici informasiya manipulyasiyalarının aşkarlanması və onlara cavab verilməsi, kibercumlar, həmçinin qanunsuz maliyyə axınları üzərində cəmlənəcək.

Missiya həmçinin Ermənistanın təhlükəsizlik sahəsində imkanlarını inkişaf etdirmək üçün nələrin lazım olduğunu qiymətləndirməlidir ki, ölkə hibrid təhdidləri daha effektiv şəkildə aşkar edib onlara cavab verə bilsin — AB metodologiya və standartlarına uyğun olaraq.

Bundan əvvəl isə missiyanın zəruriliyini əsaslandıran sənəddə AB-nin Xarici Əlaqələr Xidməti qeyd etmişdi ki, qarşıdan gələn iyun ayında Ermənistanda keçiriləcək parlament seçkiləri, onların ardınca yerli özünüidarəetmə seçkiləri, eləcə də mümkün konstitusiya referendumu təkcə daxili sabitlik üçün deyil, həm də regional sülh üçün mühüm sınaq olacaq.

İllər əvvəl Bakı öz sərhədi yaxınlığında — Ermənistan ərazisində Avropa mülki müşahidəçilərinin yerləşdirilməsini tənqid etmiş və nəticədə Ermənistanla Sülh müqaviləsində birgə sərhəddə üçüncü ölkələrin qüvvələrinin yerləşdirilməməsi barədə müddəanın yer almasına nail olmuşdu.

İndi isə yeni missiya göndərməklə Brüssel vurğulayır ki, onun məqsədi “Rusiyanın sabitliyi pozan fəaliyyətlərini azaltmaq və neytrallaşdırmaqdır”.

“Azadutyun” radiosunun əldə etdiyi sənədlərdən birində Xarici Əlaqələr Xidmətinə tapşırılır ki, “AB dəstəyinin məqsədini izah etmək və sülh prosesinə mümkün mənfi təsirlərin qarşısını almaq üçün Azərbaycanla müzakirələri davam etdirsin”.

Mümkün risklərdən danışan sənəd, Ermənistandakı daxili siyasi proseslər, xarici iqtisadi təzyiqlər və informasiya manipulyasiyaları ilə yanaşı, İrana qarşı mümkün müharibəni də ayrıca qeyd edir.

Bildirilir ki, “Ermənistanın cəmi iki açıq sərhədindən biri İranladır və bu, ölkənin kommunikasiya və Şimal-Cənub nəqliyyat və ticarət dəhlizi üçün həyati əhəmiyyət daşıyır”.

“Sözügedən gərginlik Rusiyanın Ermənistanın iqtisadiyyatı və enerji ehtiyacları üzərində təsirini daha da artıra və seçkilər ərəfəsində istismar oluna bilər” — deyərək sənəddə qeyd olunur.

Bundan əlavə, mümkün miqrasiya axınları, mütəşəkkil cinayətkarlıq və digər qanunsuz fəaliyyət riskləri də vurğulanır.

Gözlənilir ki, AB-nin yeni qrupu Ermənistanda iki il müddətinə yerləşdiriləcək, 20-30 beynəlxalq əməkdaşdan ibarət olacaq və “Avropa Birliyinin tərəfdaşlıq missiyası” adı altında fəaliyyət göstərəcək.

Qeyd olunur ki, Brüssel bu istiqamətdə razılığa gəldiyi halda, missiya üçüncü ölkələrə də açıq olacaq.

“Avropa Birliyinin qərar qəbul etmə müstəqilliyinə və onun vahid tətbiqinə zərər vermədən, üçüncü dövlətlər missiyada iştirak edə bilərlər, bu şərtlə ki, onlar göndərdikləri heyətin xərclərini özləri qarşılasınlar” _ deyərək sənəddə bildirilir.

Mənbə factor.am.

Daha çox göstər
Back to top button