
İrana qarşı müharibəni başa düşmək üçün bu müharibənin əslində niyə başladığını anlamalıyıq. Burada bir neçə məsələ eyni qazanda bişirilir.
Bu barədə jurnalistə müsahibəsində Ermənistanın Fövqəladə və səlahiyyətli səfiri Dzyunik Ağacanyan bildirib.
“Səbəblərdən biri odur ki, Tramp öz adını Amerika tarixinə yazdırmaq istəyir. Bu, ambisiyaların təmin edilməsi ilə bağlı bir məsələdir.
Xüsusən də bu il Amerikanın 250 illiyini qeyd etdiyi, özünün isə 80 illik yubileyi olduğu bir vaxtda. O, Nobel mükafatı ala bilmədi və indi qələbələr silsiləsi təmin edərək adını tarixdə qoymağı özü üçün bir missiyaya çevirib.
İkincisi, İsrail məsələsidir. Biz gördük ki, 2023-cü il 7 oktyabr hadisələrindən bəri — hansı ki, bu, Arsaxın (Qarabağın – red.) ermənisizləşdirilməsi dövrü ilə üst-üstə düşdü və burada paralellər aparmalıyıq, çünki bunlar bir-birindən doğan hərəkətlər idi — hadisələr əvvəl Qəzza zolağında, sonra Livan, İordan çayının qərb sahili, Suriya və nəhayət İrana çatdı.
Bu layihə hələ 90-cı illərdə hazırlanıb və 2001-ci il 11 sentyabr hadisələri bunun start düyməsi idi.
Bunun əsas məqsədi, xüsusən də SSRİ-nin dağılmasından sonra Amerika hegemonluğuna qarşı duracaq bir güc qalmadıqda, dünyanı yenidən formalaşdırmaq və Qərb qütbünün üstünlüyünü uzun müddətə təmin etmək, resurs bazalarına sahib olmaq idi.
Bu zəncirin son halqası İrandır ki, o da zərbə altına düşməli idi. Xüsusən də özü üçün ‘Böyük İsrail’in yaradılması missiyasını üzərinə götürmüş Netanyahu hakimiyyəti dövründə.
Tramp administrasiyası bütün dekorativ pərdələri kənara atdı və hərəkətə keçdi.
Buna Epşteynin fayllarının ortaya çıxması da əlavə olundu ki, bu təsadüf deyildi. Bu, Trampa və ümumiyyətlə Qərb siyasətçilərinə təsir etmək üçün bir alətdir, çünki onlara qarşı böyük kompromat paketləri var.
Fevral ayında Netanyahu Ağ Evi ziyarət edərkən, Mossad-ın keçmiş agentlərindən biri Kanada mediasına müsahibəsində açıqca demişdi ki, ‘bizim əlimizdə Trampla bağlı Epşteyn fayllarının tam paketi var və biz bunu uyğun anda aça bilərik’.
Yəni, bu, Trampı razı salmaq üçün istifadə olunan bir şantaj aləti idi.
Lakin onlar İran xalqının təfəkkürünü nəzərə almamışdılar və məhz burada ‘daş qayaya rast gəldi’. Hərbi əməliyyatlar başlayandan iki gün sonra bunların uğursuz olduğu bəlli oldu.
İndi bütün Yaxın Şərq, o cümlədən İsrail dağıntılar içindədir. Biz İsraildən çox kadr görmürük, amma sual yaranır: yüzlərlə yaralı var, bəs niyə itkilər barədə məlumat verilmir?
Necə deyərlər, ‘eşşəyə minmək bir ayıb, düşmək isə başqa bir ayıb’. İndi onlar o ‘eşşəyə’ minibər və düşə bilmirlər. Trampın bildiyi yeganə üsul təhdid və ultimatum dilidir ki, bu dillə də İranla danışmaq mümkün deyil”— deyə Dz. Ağacanyan qeyd edib.
Trampın Hürmüz boğazını blokadaya almaq barədə danışmasına gəlincə, səfir deyib:
“O, çox şey danışa bilər. Hər gün yeni bir şey deyir. Bu atəşkəs elanı əslində onun özü üçün müəyyən etdiyi quru əməliyyatına başlamaq müddətindən (deadlinedan) qurtulmaq üçün bir xilasedici halqa idi.
Quru müdaxiləsi etməyəcəklər, çünki pilotlarını xilas etmək əməliyyatı zamanı iki helikopter və bir təyyarə heyəti ilə birlikdə məhv oldu.
Onlar anladılar ki, daxili etnik, dini və sosial təbəqələrin üsyanına etdikləri bütün mərclər boşa çıxıb. İran xalqı daha firavan və azad yaşamaq istəyir, lakin nə Amerikanın, nə də İsrailin köləsi olmaq istəmir.
Unutmayın ki, biz ən azı 5000-6000 illik fasiləsiz sivilizasiyadan danışırıq, hansı ki, Tramp onu məhv etməklə hədələyir. Hətta bu təhdidin özü artıq soyqırım xarakterli bir hərəkətdir.
İran bütün Yaxın Şərqi Daş dövrünə göndərə bilər. Regionun firavan dövlətləri yox olacaq.
Tramp isə Yaxın Şərqi öz məqsədləri üçün qurban verə bilməz, çünki Yaxın Şərq onun üçün bir ‘pul kisəsidir’. İndi problem yaranıb, çünki onların iqtisadi rifahının təməli dağılıb.
Orada su problemi var və su təmizləyici qurğuların məhv edilməsi ilə əhali sadəcə pərən-pərən düşəcək.”
Səfirin fikrincə, ABŞ-ın regiondakı hərbi bazalarının bərpası artıq real deyil, çünki ərəb ölkələri bu bazaların onları qorumaq üçün deyil, İsrailə xidmət etmək üçün olduğunu gördülər:
“Bu fonda mediada məlumat yayıldı ki, ABŞ ən böyük bazasını məhz İsraildə yaradacaq. Hürmüz boğazına gəlincə, onun İrandan başqa kiminsə yurisdiksiyasına verilməsini istisna edirəm.
Xüsusən də indi, İran orada 100%-lik nəzarət qurub və ağıllı bir addımla Oman və Çini özünə müttəfiq edib, çünki ödənişlər yuanla həyata keçiriləcək.
Digər tərəfdən, ABŞ heç bir hüquqi əsası olmayan qeyri-rasional tələblərini irəli sürməyə davam edir”.







