Euronews: “ Seçkilərdə Paşinyan dağıdıcı qələbəyə doğru gedir”

İyunun 7-də keçiriləcək Ermənistanın həlledici seçkiləri ərəfəsində aparılmış son sorğu, Baş nazir Nikol Paşinyanın “Mülki Müqavilə” partiyasının səsvermədə iştirak edəcək seçicilərin səslərinin təxminən 65%-ni toplaya biləcəyini proqnozlaşdırır ki, bu da onun sarsıdıcı qələbəyə və gələcək parlamentdə əhəmiyyətli çoxluğa doğru gedə biləcəyinə işarə edir.
“Breavis” sorğusu (mayın 5-11-də 1551 respondent arasında keçirilib) göstərib ki, “Mülki Müqavilə” parçalanmış müxalifət (bəziləri Rusiya tərəfindən fəal şəkildə dəstəklənir) üzərində rahat lider mövqeyi tutacaq – heç bir partiya 12%-i keçmir.
Əgər növbəti bazar günü keçiriləcək səsvermə sorğunun proqnozlarını təsdiqləsə, ermənilər Paşinyana Cənubi Qafqazdakı bu ölkənin strateji cəhətdən Qərbyönlü xəttə yönləndirilməsini möhkəmləndirmək üçün həlledici mandat verəcək.
Bu da onu Kremlə qarşıdurmaya aparacaq, Azərbaycanla Qarabağ ətrafında tarixi sülh sazişini təsbit edəcək, regional sabitliyi və əməkdaşlığı daha da stimullaşdıracaq.
Saziş keçən il Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevlə imzalanıb və iki ölkə arasında onilliklər davam edən münaqişəyə son qoyub.
“Breavis” sorğusu həmçinin Yerevanın milli strategiyasının yenidən nəzərdən keçirilməsindən və Rusiyanın postsovet orbitində onilliklər qaldıqdan sonra Qərbə doğru növbəti dönüşdən xəbər verir.
Son həftələr ərzində Moskva Yerevana təzyiqi davamlı olaraq artırıb – buna mühüm ticarət qadağaları, Rusiyanın başçılıq etdiyi beş keçmiş sovet dövlətindən ibarət Avrasiya İqtisadi İttifaqının (vahid inteqrasiya olunmuş bazar və sərbəst ticarət zonası kimi fəaliyyət göstərir) üzvlüyünün dayandırılması xəbərdarlıqları və Rusiya Prezidenti Vladimir Putinin Ermənistanla Ukrayna arasında paralellər çəkməsi daxildir.
Bu onun amerikalı həmkarı Donald Tramp Paşinyana “tam və qeyd-şərtsiz dəstəyini” bildirəndən bir neçə gün sonra baş verib.
Yeni sorğunun nəticələrinin dərc olunması, həmçinin Rusiyanın Ermənistandakı səfirini Yerevanın AB-nə üzvlüyə doğru yolu sürətləndirmək qərarı ilə əlaqədar “məsləhətləşmələr üçün” geri çağırması ilə üst-üstə düşür.
“Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri S.P.Kopırkin Moskvaya məsləhətləşmələrə çağırılıb – Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində atdığı addımlarla əlaqədar” –deyə şənbə günü Rusiya XİN-i bildirib.
Bir gün əvvəl Kreml iqtisadi xəbərdarlıqlar və tədbirlər hücumunu davam etdirərək bəzi meyvə və tərəvəzlərin erməni ixracına “müvəqqəti məhdudiyyətlər” tətbiq edəcəyini açıqlayıb.
Bu, ölkə üçün həyati əhəmiyyət kəsb edən ucuz qaz və neft tədarükünü dayandırmaqla hədələdikdən sonra erməni mineral suyu, şərabları və konyakına qoyulan son qadağalara əlavə olunub.
Təxminən 3 milyon əhalisi olan Ermənistan keçən il qazının 80%-dən çoxunu Rusiyadan idxal edib.
Həmçinin cümə günü Aİİ rəhbərləri birgə bəyanat yayaraq Ermənistanı xəbərdar ediblər ki, onun AB-nə üzv olmaq planları bütün üzv ölkələrin iqtisadi təhlükəsizliyi üçün “ciddi risklər” daşıyır.
Astanada keçirilən sammitdə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın liderləri Yerevanı AB ilə Moskvanın başçılıq etdiyi blok arasında Ermənistanın seçimi ilə bağlı mümkün qədər tez ümumrespublika referendumu keçirməyə çağırıblar.
Sammitdə Putin həmçinin Ukrayna ilə Ermənistan arasında əvvəllər çəkdiyi paraleli təkrarlayaraq Astanada Aİİ sammitinə toplaşmış mətbuat nümayəndələrinə deyib: “Ukrainada böhran Ukraynanın AB-nə üzv olmaq cəhdləri etdiyi andan başladı”.
Aİİ bəyanatında yalnız Ermənistanın Avropayönlü istiqaməti qeyd olunsa da, bu, Trampın Paşinyana yenidən seçilməkdə “tam və qeyd-şərtsiz dəstəyini” bildirərək onu “böyük dost və lider” adlandırmasından, Ermənistanı “güclü, zəngin və çox təhlükəsiz” etdiyini söyləməsindən cəmi bir gün sonra edilib.
Moskvada Ermənistanda genişmiqyaslı və intensiv dezinformasiya kampaniyası başladılıb – Rusiyayönlü müxalifət namizədlərini dəstəkləmək, o cümlədən Paşinyanın mövqelərini sarsıtmağa yönəlmiş gizli səylər daxil olmaqla.
Qərb kəşfiyyat rəsmilərinə istinadən şənbə günü Reuters agentliyi xəbər verib ki, Moskva on minlərlə erməni seçicini Rusiyadan seçkilərə təsir etmək məqsədilə köçürməyi planlaşdırır.







