
Fransanın Silahlı Qüvvələr və Veteranlar naziri Katrin Votrenin dəvəti ilə Ermənistanın Yüksək Texnologiyalı Sənaye naziri Mxitar Hayrapetyan Parisdə iyunun 15-də start götürən “Eurosatory 2026” beynəlxalq müdafiə texnologiyaları sərgisində iştirak edir.
“Ermənistan Respublikası YTS nazirliyinin dəstəyi ilə erməni hərbi-sənaye sahəsinin 30 təşkilatı (18-i nümayiş etdirən, 12-si qonaq qismində) “Eurosatory 2026”-da vahid pavilyonla iştirak edir, beynəlxalq platformada erməni istehsal və elmi-tədqiqat potensialını təqdim edir.
Erməni-Fransız texnoloji tərəfdaşlığı bu il mayın 5-də Fransa Prezidenti Emmanuel Makronun Ermənistana rəsmi səfərindən sonra yeni təkan alıb.
Ermənistan Respublikası YTS nazirliyi ilə Fransa Respublikasının Müdafiə nazirliyi arasında imzalanmış memorandum iki ölkə üçün yeni imkanlar açıb və bu səfər həmin razılaşmaların praktiki startıdır”– deyə Mxitar Hayrapetyan “Facebook” səhifəsində yazıb.
Yazıda vurğulanır ki, 1967-ci ildən keçirilən tədbir bu il dünyanın 66 ölkəsindən 2300-dən çox şirkəti, 42 milli nümayəndə pavilyonunu bir araya gətirib.
Tədbir çərçivəsində 120-dən çox panel müzakirəsi və nümayiş planlaşdırılır. Gündəliyin mərkəzində hərbi-sənaye, pilotsuz sistemlər, kəşfiyyat texnologiyaları və müasir silahlanma, kibertəhlükəsizlik, süni intellekt sahələrində əməkdaşlıq perspektivləri, həmçinin sahənin inkişaf tendensiyaları və çağırışların öhdəsindən gəlmək üçün innovativ həllər dayanır.
“Ən yeni texnologiyalarla təchiz edilmiş hərbi-sənaye kompleksinin inkişafı Ermənistan Respublikası Hökumətinin gündəlik prioritetlərindən biridir.
Eurosatory 2026 nüfuzlu tədbiri ölkəmiz üçün hərbi-sənaye sahəsində beynəlxalq əlaqələrin qurulması, istehsal və elmi-tədqiqat imkanlarının genişləndirilməsi, həmçinin xarici bazarların öyrənilməsi üçün misilsiz fürsətdir” – deyərək nazir yazısını yekunlaşdırıb.







