
Avrasiya İqtisadi İttifaqına (Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir) üzv dövlətlərin bəzi bankları iyun ayından nağd Rusiya rublunun daxil edilməsi tələblərini sərtləşdiriblər, RBC yazır. Aİİ ölkələrinin bankları hesablaşmalarda istifadəsi çətin olan və saxlanması baha başa gələn Rusiya milli valyutasının artıqlığı ilə üzləşiblər.
Nəticədə, onlar bir-birinin ardınca nağd rublun daxil edilməsinə görə ödənişlər və məhdudiyyətlər tətbiq etməyə başlayıblar.
Qeyd olunur ki, ən azı səkkiz Belarus bankı artıq qeyri-rezidentlərin cari hesablarına nağd rubl daxil edilməsinə görə 2-5% komissiya tətbiq edib ki, bu da Belarusda fəaliyyət göstərən bütün maliyyə institutlarının (Alfa-Bank, Belarusbank, BelVEB, BNB-Bank, MTBank, Sberbank, Texnobank və Tsepter Bank) üçdə birindən çoxunu təşkil edir.
Qazaxıstanın “Tsentrkredit”i də eyni şəkildə hərəkət edib – kassalar, terminallar və bankomatlar vasitəsilə nağd rubl qəbul edən qeyri-rezidentlər üçün 5% komissiya müəyyən edib.
Qırğızıstanın “Ekoislamikbank”ı nağd rubl depozitləri və SWIFT köçürmələri üçün 5% komissiya təyin etdiyini elan edib.
Bəzi Ermənistan bankları Rusiya nağd rublu ilə əməliyyatları, o cümlədən hesablara daxil edilməni tamamilə dayandırıblar, FTL Advisers-ın bank bölməsinin rəhbəri Olqa Burtseva mediaya bildirib.
“Rusiya rublu ilə qeyri-nağd əməliyyatlar eyni şərtlərlə fəaliyyət göstərməyə davam edir və bu, problemin yalnız nağd pula aid olduğunu təsdiq edən əsas amildir”- deyə o, əlavə edib.
Qeyd olunur ki, nə Belarus, nə Qazaxıstan, nə də Qırğızıstan bankları Rusiya qeyri-nağd rublu ilə əməliyyatların məhdudlaşdırılması barədə rəsmi elan etməyiblər.
Mənbə factor.am







