BaşlıcaSiyasət

AB Ermənistanda üç sərhəd keçid məntəqəsi tikməyi planlaşdırır

Avropa Birliyi  Ermənistanda üç sərhəd keçid məntəqəsi tikməyi planlaşdırır və bu layihələrin həyata keçirilməsinin ilkin şərti ərazilərin minalardan təmizlənməsi olacaq.

Verilən məlumata görə, bu barədə Yerevanda jurnalistlərlə brifinqdə Ermənistanda Avropa Birliyinin səfiri Vasilis Maraços deyib və AB-nin Ermənistana bağışladığı müasir minatəmizləmə maşınını təqdim edib.

Maşının yalnız sərhədyanı əhalinin təhlükəsizliyinə, yoxsa həm də infrastruktur layihələrinə xidmət edib-etməyəcəyi ilə bağlı suala cavab verən Maraços, onun hər iki istiqamətdə mühüm əhəmiyyət kəsb edəcəyini bildirib.

“Əlaqə layihələri onların keçməli olduğu ərazilərin təmizlənməsini tələb edir.

Bildiyiniz kimi, biz artıq üç sərhəd keçid məntəqəsi tikməyi öhdəmizə götürmüşük və hazırda bu layihənin təfərrüatları üzərində işləyirik.

Lakin minatəmizləmə bu vacib tikinti işlərinin irəliləməsi üçün ilk zəruri addım olacaq” – deyə Maraços qeyd edib, sərhəd keçid məntəqələrinin tikintisinin hansı hissələrdə planlaşdırıldığını dəqiqləşdirmədən.

O, əlavə edib ki, Avropa Birliyi həm təhlükəsizlik, həm də infrastrukturun inkişafı istiqamətində sərmayələr qoyaraq Ermənistanla əməkdaşlığı dərinləşdirməkdə davam edir.

AB-nin Ermənistandakı səfirinin sözlərinə görə, AB ardıcıl olaraq Ermənistanla münasibətlərin dərinləşdirilməsi istiqamətində çalışır və bu əməkdaşlıq artıq Ermənistan vətəndaşları üçün maddi nəticələr verir.

“Biz AB və Ermənistan arasında münasibətlərin dərinləşdirilməsi istiqamətində çalışırıq və bu, Erməni xalqına çox konkret faydalar gətirir.

Avropa Birliyi müxtəlif proqramlar, eləcə də Ermənistanda Avropa İttifaqının Müşahidə Missiyasının (EUMA) fəaliyyəti vasitəsilə münaqişədən zərər çəkmiş əhalinin təhlükəsizliyinin təmin edilməsinə sərmayə qoyub.

İndi biz Ermənistanın Minatəmizləmə Əməliyyatları Strukturu ilə əməkdaşlıq edərək həyatları xilas etməyə də sərmayə qoyuruq”- deyə Vasilis Maraços vurğulayıb və Ermənistana verilən minatəmizləmə maşınının Xorvatiyada istehsal edildiyini və avropalı vergi ödəyicilərinin Ermənistana qarşı həmrəyliyinin konkret təzahürü olduğunu ətraflı izah edib.

Daha çox göstər
Back to top button