
“Azatutyun” yazır: “Tequt mis-molibden yatağının yeni sahibi amerikan şirkətidir ki, onun rəhbəri Konstantin Sokolov yaxınlarda Dövlət Departamenti tərəfindən Ermənistandan keçən “Tramp marşrutu” – TRIPP + ticarət fondunun rəhbəri təyin edilib”.
Aylar əvvəl “Azatutyun” onun rus VTB bankına borcuna görə keçmiş mədənin əldə edilməsi ilə maraqlandığını yazmışdı.
Faktiki olaraq, Amulsar qızıl yatağından sonra bu, hazırda Ermənistanın mədən sənayesində ikinci böyük “Qərb investisiyasıdır.
Mədənin yeni sahibi kimdir?
Hüquqi şəxslərin elektron reyestrinin sənədlərindən məlum olur ki, Tequt yatağını istismar edən “Kuprar RA” şirkətinin yeni səhmdarı “Dynamic Frontier Holdings” şirkətidir.
Bu şirkət ER-da qeydiyyatdan keçməyib, açıq mənbələrə görə, 2025-ci ilin avqustunda Amerika Texas ştatında təsis edilib.
Texas vergi reyestrindən “Azatutyun”un əldə etdiyi sənədlərə əsasən, şirkəti Floriada qeydiyyatdan keçmiş Konstantin Sokolov idarə edir.
Bu həftənin əvvəlində məlum olub ki, ABŞ Dövlət Departamenti 52 yaşlı maliyyəçi, investor Konstantin Sokolovu Syüniklə keçəcək strateji yolun inkişafı üzrə TRIPP+ fondunun rəhbəri təyin edib.
“Rusiyada anadan olmuş, Çikaqoda özəl kapital investoru Konstantin Sokolov Dövlət Departamentinin yeni sahibkarlıq Fonduna sədrlik edəcək ki, bu Fond Mərkəzi Asiya ticarət dəhlizi üçün nəzərdə tutulmuş 200 milyon dollardan çox vəsaiti, o cümlədən nəqliyyat, enerji infrastrukturu və mühüm minerallar sahəsində investisiyaları idarə edəcək” – deyə nüfuzlu The Guardian qəzeti yazmış, əlavə etmişdir ki, Sokolov əvvəllər dövlət vəzifələrində çalışmayıb.
Sokolov TRIPP-ə cəlb olunmazdan əvvəl artıq Ermənistanda telekommunikasiya operatoru “Viva Armeniya”nın ortaq sahibi kimi tanınırdı – 2024-cü ildə o, şirkətin 20 faizini əldə etmişdi.
Aprel ayında VTB Bankının baş direktoru Andrey Kostin bildirmişdi: “VTB Ermənistanda mis istehsalı ilə məşğul olan obyektin satışının son mərhələsindədir”.
Tequt yatağı Ermənistanda mis və molibden ehtiyatlarına görə ikincidir: qiymətləndirilmiş ehtiyatlar 450 milyon ton filizə çatır.
Tequtda 10 ildən çox əvvəl istifadəyə verilmiş dağ-zənginləşdirmə kombinatı da var. Mədəni “Vallex Group” şirkəti istismar edirdi ki, onun sahibi iş adamı Valeri Mejlumyan idi.
2018-ci ildə məlum olmuşdu ki, “Vallex Group” VTB-dən götürdüyü kredit öhdəliklərini ödəyə bilmir və 380 milyon dollar borca görə mədən rus dövlət iştiraklı VTB Bankına keçib.
“Tequt”un VTB-yə ödənilməmiş kredit öhdəliklərinin həcmi, 2024-cü il hesabatına görə, 162 milyard dramdan çox, təxminən 440 milyon dollar təşkil edirdi.
Bu günlərdə Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Komissiyası “Kuprar RA” şirkətinə Tequtun səhmlərini əldə etməyə icazə vermişdi.
“Azatutyun” ötən həftə yazmışdı ki, keçmiş bank sistemi nümayəndələrindən biri – Sergey Virabyan VTB-dən Tequtun kredit borcunu miras almış və üçüncü tərəfə satmışdır.
Bizimlə söhbətində Virabyan təsdiqləmişdir ki, “Kuprar RA”nın sahibi özü olub, şirkətin borcunu götürüb satıb.
Faktiki olaraq, mədənin satışında mexanizm tətbiq edilib ki, bunun nəticəsində əvvəlcə rus bankından şirkətin borcu başqa şirkətə keçib, həmin şirkət isə kredit öhdəliklərini ödədikdən sonra mədəni, ehtimal ki, daha yüksək qiymətə ABŞ-da qeydiyyatdan keçmiş “Dynamic Frontier Holdings”ə satıb.
Bunun məqsədəuyğunluğunun əsas versiyası ondan ibarətdir ki, Sokolov qərb sanksiyaları altında olan rus bankı ilə birbaşa əməliyyata girməkdən yayınıb, buna görə də mədəni üçüncü şirkətdən alıb.
Sokolovun şəxsi saytı göstərir ki, o, 21 yaşında Rusiyadan ABŞ-a köçüb və telekommunikasiya, enerji, maliyyə xidmətləri sahəsində mühüm infrastrukturları investisiyaları ilə dəyişdirib.
Ona Çikaqoda fəaliyyət göstərən IJS Investments, Sürixdə fəaliyyət göstərən və maliyyə xidmətləri, enerji və daşınmaz əmlak sahələrinə yönəlmiş Gotthard Investment AG şirkətləri məxsusdur.
Sokolov həmçinin Afrikanı Avropaya birləşdirən təmiz enerji və fiber-optik kabel rabitəsi ilə məşğul olan Northern Pillar Energy konsorsiumunda da vəzifə tutur.
Biznes fəaliyyəti ilə yanaşı, o, xeyriyyəçiliklə də tanınır – ötən il Çikaqo Universitetinə But Biznes Məktəbinin MBA proqramına dəstək üçün 100 milyon dollar ianə edib, həmçinin Qəyyumlarından biri olduğu Münxen Təhlükəsizlik Konfransının Fonduna ianə edib.
O, həmçinin Meta, Google, Apple ilə birlikdə Prezident Trampın təşəbbüsü ilə Ağ Evin bal zalının dəbdəbəli salonunun təmirini maliyyələşdirmiş 37 Amerika şirkəti və iş adamından biridir. Bu layihə təxminən 300 milyon dollar qiymətləndirilir.
Associated Press-ə görə, Sokolov həmçinin Prezident Trampın siyasi qərargahına müntəzəm olaraq ianələr edib – təkcə bir il ərzində o, Trampı dəstəkləyən MAGA hərəkatına təxminən 11 milyon dollar köçürüb.
Britaniyalı The Guardian ötən dekabrda Donald Trampın oğlu kiçik Donald Trampın Konstantin Sokolova məxsus Cəbəllüttariqdə tikilən süni intellekt məlumat mərkəzinə baş çəkdiyini yazmışdı.






