Azərbaycanda vulkan püskürməsi qeydə alınıb

Bakı şəhəri Qaradağ rayonu ərazisində Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib.
Qaradağda baş verən vulkan püskürməsi nəticəsində bəzi yerlərdə çatlar 80 metr dərinliyə çatıb.
Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev Otman-Bozdağ palçıq vulkanı püskürmüş ərazidəki son vəziyyətlə bağlı bildirib.
Onun sözlərinə görə, ərazidə xeyli çatlar əmələ gəlib:
“Bəzi yerlərdə çatlar 80 metr dərinliyə çatıb. Çatların əmələ gəldiyi ərazi 5 hektarı əhatə edir”.
Nazirlik rəsmisi qeyd edib ki, son dayanacaq nöqtəsindən Ümid qəsəbəsinə olan məsafə 2 kilometrdir.
O bildirib ki, ilk püskürmə saat 08:53, ikinci püskürmə isə saat 09:58 radələrində baş verib. Alovun hündürlüyü 200-300 metrdir.
Xatırladaq ki, dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da qeydə alınıb.







