Türkiyə bayrağını təhqir etməkdə ittiham olunan fəal 1 ay inzibati həbsə məhkum edilib

Yanvarın 31-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə ictimai fəal Fuad İsmayılovu 1 ay inzibati həbsə məhkum edib. Məhkəmə F.İsmayılovu İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisi və ya hərbi qulluqçunun qanuni tələblərinə qəsdən tabe olmamaq) maddəsi ilə təqsirləndirib.
İctimai fəal F.İsmayılov yanvarın 29-da saxlanılıb. Sosial şəbəkələrdə yayılmış videoda görünür ki, F.İsmayılov hesab edilən bir şəxs küçədə asılmış Türkiyə bayrağını saxlayan ipi kəsir və bayraq yerə düşür.
Hüquq müdafiəçisi Fikrət Cəfərli polis bölməsində İsamyılovla görüşündən sonra deyib ki, o, məlum hərəkəti şüurlu şəkildə etdiyini bildirib.
Azərbaycan qanunvericiliyində başqa bir ölkənin bayrağının endirilməsinə görə hüquqi məsuliyyət yoxdur.







