
Ermənistan Aİ ilə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəal işləməyə sadiqdir. “Armenpress”in məlumatına görə, bu barədə Ermənistan Respublikası Parlamentinin sədri Alen Simonyan “Facebook” sosial şəbəkəsindəki səhifəsində Avropa Parlamentinin martın 13-də qəbul etdiyi qətnaməyə istinadən yazıb.
“Dünən Avropa Parlamenti “Aİ ilə Ermənistan arasında daha sıx əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasının zəruriliyi haqqında” qətnamə qəbul edib.
Bu mühüm addıma görə avropalı tərəfdaşlarımıza təşəkkür edirik.
Ermənistan yuxarıda qeyd olunan qətnamənin müddəalarının həyata keçirilməsi istiqamətində fəal işləməyə və ümumi demokratik dəyərlərə və istəklərə əsaslanaraq Aİ ilə əməkdaşlığın dərinləşdirilməsinə sadiqdir”, – deyə yazıda qeyd edilir.







