
Azərbaycan və Ermənistan parlamentlər səviyyəsində təmasları davam etdirəcək.
Bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.
“Dedim ki, bu məsələni fraksiyamız və komandamızla müzakirə etməliyəm. O da bu məsələni evdə müzakirə etməyə hazır olduğunu bildirdi və biz növbəti görüş barədə razılığa gəldik”, – Simonyan Azərbaycan MM-in sədri Sahibə Qafarova ilə görüşü haqda danışarkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə növbəti görüş böyük ehtimalla mayın ortalarında baş tutacaq.
“Sahibə Qafarova bildirib ki, Azərbaycan tərəfindən heç bir təxribat hazırlanmır. Parlament səviyyəsində təmasların başlanması barədə qərar qəbul edilib və ilkin razılığa əsasən, görüş mayın ortalarında baş tutacaq”, – Simonyan qeyd edib.
Simonyanın sözlərinə görə, Sahibə Qafarova ilə görüşdə tərəflər qarşılıqlı inamsızlığın hökm sürdüyünü anlayıblar.
Qeyd edək ki, Qafarova ilə Simonyanın ilk görüşü Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də olub.







