
Tengrinews.kz xəbər verir ki, Belarusun səfiri Pavel Utyupin Qazaxıstan Xarici İşlər Nazirliyinə dəvət olunub.
Qazaxıstan baş nazirinin müavini-xarici işlər naziri Murat Nurtleu və Utyupinin görüşündə Qazaxıstan-Belarus əməkdaşlığının aktual məsələləri müzakirə olunub.
“Nazir Qazaxıstanın balanslaşdırılmış və sülhsevər xarici siyasət həyata keçirdiyini vurğulayıb. Ölkəmiz əmindir ki, dövlətlər arasında olan bütün fikir ayrılıqları siyasi-diplomatik vasitələrlə həll edilməlidir”, – deyə press-relizdə bildirilir.
XİN-dən bildirilib ki, hazırkı geosiyasi şəraitdə dövlət başçısının siyasəti öz səmərəliliyini sübut edib.
Nazir Belarus tərəfini “Astananın mövqeyini obyektiv qiymətləndirməyə” çağırıb.
Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko “Rusiya” telekanalına verdiyi müsahibədə “bəzi postsovet ölkələri əvəzində heç nə vermədən Rusiyadan fayda almağa çalışırlar” demişdi.
O, Ermənistanla bağlı növbəti qəbuledilməz və kobud ifadələr də işlədib.
“Ermənilər bizdən başqa kimə lazımdır? Heç kimə. İqtisadiyyatlarını inkişaf etdirsinlər, resursları ilə istiqamətləndirsinlər. Nə Fransa, yoxsa nə Makron? Sabah o, orada olmayacaq və hamı Ermənistanı unudacaq”, – Lukaşenko bildirib.
Onun sözlərinə görə, onlar əslində Rusiya ilə “eyni qayıqdadırlar”.
“Əgər çevrilsə, hamımız batacağıq. Müttəfiqlik münasibətlərimizi gizlətməyə dəyməz. Biz heç nə vermədən yalnız Rusiyadan almaq istəyən bəzi başqa dövlətlər kimi davranmırıq”, – Lukaşenko bildirib.
Onun fikrincə, bu vəziyyət davam edə bilməz.
“Gəlin birlikdə olaq. Dəstək üçün Rusiyaya müraciət etməli olduğunuz zaman dağların arxasında deyil. Böhran zamanı, Qazaxıstanda olduğu kimi, hamı kömək üçün Putinə müraciət edir. Və biz (KTMT) cəld cavab verdik, ora qüvvələr göndərdik və iğtişaşları yatırdıq”, – o bildirib.
O, ekstremal hallarda MDB ölkələrinin yenidən Rusiya və Belarusun köməyinə müraciət edəcəyinə əmin olduğunu bildirib.
Postsovet məkanının digər ölkələri də öz paylarını aldılar.
“Amerikada və ya Aİ-də Qazaxıstandan, Özbəkistandan kim mal gözləyir? Yox, Rusiyada satmağa çalışırlar. Bizim ümumi bazarımız var və onu itirmək məqsədəuyğun deyil”, – Lukaşenko əlavə edib.
Bu təhqiramiz ifadələr Ermənistanın qəzəbinə səbəb olub. Avqustun 21-də “Respublika Uğrunda” partiyasının üzvləri və tərəfdarlarından ibarət qrup Belarusun Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Həmin ölkə prezidentinin Ermənistanın ünvanına dəfələrlə təhqiramiz ifadələr işlətməsi onları qəzəbləndirib. Aksiya iştirakçıları yumurta, kartof və pomidorları səfirliyin binası istiqamətində atıb.
Daha sonra Ermənistanın müvəqqəti işlər vəkili Narek Tiraturyan “Belarus diplomatik missiyasının binasına qarşı törədilən vandalizmlə əlaqədar” Belarus Xarici İşlər Nazirliyinə dəvət olunub.
Lukaşenko dəfələrlə KTMT daxilində münaqişələrin təşəbbüskarı olub.
Belə ki, çoxsaylı mənbələrə görə, Lukaşenkonun açıq bəyanatları və aşkar anti-erməni mövqeyi KTMT ilə Ermənistan arasında münasibətlərin soyuqlaşmasına səbəb olub.
Eyni zamanda Lukaşenko azərbaycanyönlü mövqeyini də gizlətmir.
KTMT-dəki münaqişələr təşkilatı faktiki olaraq dağılma həddinə çatdırıb.







