
Avqust ayında Ermənistan və İran arasında imzalanmış mühüm saziş sayəsində Ermənistan avtomobillərinin sahibləri artıq öz nəqliyyat vasitələri ilə İrana səyahət etmək imkanına malikdirlər.
Onlar Carnet de Passage (CPD) sənədini (gömrük tranziti sənədi) əldə edə bilərlər ki, bu da gömrük prosedurlarını sadələşdirəcək və onlara Ermənistan avtomobilləri ilə İrana səyahət etmək imkanı verəcək.
Syünik vilayətinin qubernatorluğundan verilən məlumata görə, bu münasibətlə sentyabrın 28-də seminar keçirilib və tədbirdə Ermənistan tərəfindən Sünik vilayətinin qubernatorunun müşaviri Karen Balayan və Meğri icmasının rəhbəri Xaçatur Andreasyan iştirak ediblər.
K. Balayan Syünik vilayətinin qubernatoru Robert Ğukasiyanın adından tədbirin iştirakçılarını və sazişin qüvvəyə minməsini alqışlayıb.
Bunu Ermənistan-İran münasibətlərinin möhkəmləndirilməsində növbəti addım kimi dəyərləndirib. Qubernatorun müşaviri həmçinin bildirib ki, bu, hər iki tərəf arasında iqtisadi əlaqələrin və turizm sahəsinin inkişafına əlavə təkan verəcək.
Tezliklə Syünikdə idarə fəaliyyət göstərəcək və Ermənistan vətəndaşları yerindəcə Carnet de Passage (CPD) sənədini əldə edə biləcəklər.
Bununla da gömrük prosedurları sadələşəcək və sərhədyanı səyahət prosesi sürətlənəcəkdir.







