
Verilən məlumata görə, Ermənistan Respublikasının Xarici İşlər nazirliyindən bildirilib ki, etimadnamənin təqdim olunması üzrə rəsmi mərasimdən sonra BMT Baş katibi ilə keçirilmiş təkbətək görüş zamanı səfir Hovhannisyan BMT ilə münasibətlərin ardıcıl genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
Həmçinin, Ermənistan hökumətinin 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasına Tərəf Dövlətlərin 17-ci Konfransına (COP17) ev sahibliyi etməsi ilə əlaqədar həyata keçirdiyi addımları təqdim edib.
Tərəflər regional və beynəlxalq gündəliyin bir sıra məsələlərinə toxunublar. Paruyr Hovhannisyan BMT-nin Baş katibinə regionda davamlı sabitlik və sülhün təmin olunması məqsədilə Ermənistan tərəfindən göstərilən ardıcıl səylər barədə məlumat verib.
O, “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş”in artıq razılaşdırılmış mətninin gecikmədən imzalanmasının vacibliyini xüsusi vurğulayıb.
Eləcə də Cənubi Qafqazın qarşılıqlı əlaqəliliyi və infrastruktur potensialının tam reallaşdırılmasına yönəlmiş Ermənistan hökumətinin irəli sürdüyü “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.







