
Ermənistan təklif edir ki, Hindistan və Fransa arasında bağlayıcı rolunu oynasın. Bunu Marseldə keçirilən “Raisina Mediterranean” konfransı zamanı Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan deyib.
Onun sözlərinə görə, Ermənistan Fransa və Hindistanın strateji tərəfdaşa çevrilməsinə sevinir. Yerevanın Fransa ilə də strateji əlaqələri var və Aİ ilə əlaqələri dərinləşdirir. Eyni zamanda, Ermənistanın Hindistanla strateji əlaqələri var və hər iki ölkə bu əlaqələri genişləndirməyə çalışır.
“Xəritəyə baxsanız, görərsiniz ki, Avropa ilə Hindistan arasında başqa ölkələr də var. Onların arasında Ermənistan da var. Hindistanla Fransa arasında əlaqə yaratmaq istəyirsinizsə, yollardan biri dənizdir.
Amma bu, heç də həmişə sürətli deyil, son vaxtlar isə həmişə təhlükəsiz deyil. Quru yolları da var. Burada Ermənistan mühüm yer tutur”, – Mirzoyan bildirib.
Onun sözlərinə görə, Ermənistan bu cür layihələri təşviq edir və infrastrukturun inkişafına külli miqdarda vəsait xərcləyir.
Mirzoyan qeyd edib ki, ölkə dörd qonşusundan ikisi – İran və Gürcüstanla əla münasibətlərə malikdir. Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmağa çalışır, sərhədləri açmaq və dəmir yolu əlaqəsi yaratmaq niyyətindədir. Bu layihənin xüsusi adı var – “Sülh kəsişməsi”.
Fransa ilə Hindistan arasında əlaqə yaratmaq istəyirsinizsə, ortada olanlara diqqət yetirməlisiniz. Dincəlmək, enerji toplamaq və səyahətinizi davam etdirmək üçün ərazi və mühit var”, – Mirzoyan bildirib.
Marseldə keçirilən “Raisina Mediterranean” konfransı Fransa və Hindistan tərəfindən təşkil olunub.







