BaşlıcaEkonomika

Azərbaycanın SOCAR-ı İsrailin ən böyük qaz yataqlarından birində payın alınmasını başa çatdırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsrailin ən böyük qaz yataqlarından biri olan Tamar yatağında 10% payın əldə olunması üzrə müqaviləni rəsmi olaraq tamamlayıb.

Bu barədə Azərbaycan və İsrail mediası məlumat yayıb. Bildirilir ki, SOCAR Tamar layihəsində 10% payın əldə olunması üçün ümumilikdə 1,25 milyard dollar ödəyib.

SOCAR bu payı əldə etmək üçün israilli iş adamı Aharon Frenkelin nəzarətində olan iki şirkətdə – Union Energy və Tamar Petroleum – səhmlər alıb. Belə ki:

SOCAR Union Energy şirkətinin 48,3%-ni alaraq layihədə 7% pay əldə edib,

Tamar Petroleum şirkətində isə 17,9% pay alaraq əlavə 3% paya sahib olub.

Beləliklə, SOCAR Tamar layihəsində ümumilikdə 10% pay sahibi olub.

Tamar yatağı 2009-cu ildə kəşf edilib və İsrailin əsas təbii qaz mənbələrindən biridir. Yataq Aralıq dənizində, Hayfa sahilindən 90 km məsafədə yerləşir və təxminən 13,73 trilyon kub fut (389 milyard kub metr) təbii qaz ehtiyatına malikdir.

Bu razılaşma SOCAR-ın Aralıq dənizi hövzəsində ilk böyük investisiyasıdır və Azərbaycan ilə İsrail arasında enerji sahəsində əməkdaşlığın genişlənməsinə səbəb olub.

Daha çox göstər
Back to top button