Tehranda düşünürlər ki, Azərbaycan və Suriya İrana qarşı sui-qəsd qururlar

Suriya prezidenti vəzifəsini icra edən Əhməd əl-Şaraanın ötən həftə sonu Bakıya səfəri İran mediasında narahatlıq və şübhə əhval-ruhiyyəsini artıraraq regional ittifaqlarda kəskin dəyişikliyə işarə etdi.
“Azatutyun” radiostansiyası yazır ki, səfər zamanı Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı ilə bağlı razılıq əldə olunub. Rəsmilər razılaşmanı Suriyanın davam edən enerji böhranının həlli kimi qiymətləndiriblər.
Bununla bağlı müxtəlif mənbələr, o cümlədən İsrail mediası səfər çərçivəsində Suriya və İsrail rəsmiləri arasında görüşün baş tutduğunu bildirib. Əl-Şaraanın özünün görüşdə iştirak edib-etmədiyi bəlli deyil, lakin İsrailin regiondakı əsas müttəfiqi olan Azərbaycanın belə bir görüşə ev sahibliyi etməsi Tehranın narahatlığını daha da artırıb.
İran mediasında yaraqlıların Suriya cəbhəsindən İranın yaxın qonşuluğunda yerləşən Qafqaza keçməsi ilə bağlı geniş narahatlıq var.
İslahatçı “Arman-e Melli” qəzeti iddia edir ki, Dəməşq və Bakı arasında münasibətlərin inkişafı suriyalı yaraqlıların Türkiyə üzərindən Azərbaycandakı bazalara köçürülməsinə gətirib çıxara bilər. Qəzet bunu Əl-Şara üçün “missiya” kimi qiymətləndirir.
Qəzet guman edir ki, onların mövcudluğu İran və Rusiya sərhədləri boyunca sabitliyi pozmaq, habelə Çin, Rusiya və İran arasında daha geniş ittifaqı hədəfə alacaq əməliyyatlar həyata keçirmək məqsədi daşıyır.
Mühafizəkar “Farhihtegan” qəzeti də oxşar fikri ifadə edərək iddia edib ki, Əl-Şara öz döyüşçülərinin təhvil verilməsini ABŞ-ın xarici döyüşçüləri Suriyadan çıxarmaq tələbinin yerinə yetirilməsi kimi qiymətləndirir.
Qəzet yazır ki, belə bir proqram çərçivəsində Azərbaycan ya silahlıların sonradan Qafqaza və Rusiyaya sızması üçün platforma yaratmaqla, ya da onların məskunlaşması üçün Qarabağ kimi ərazilər verməklə strateji mərkəzə çevrilə bilər.
İsrailin “i24NEWS” xəbər agentliyi Suriyadakı anonim mənbəyə istinadən iddia edib ki, İsrail və ABŞ “İrana mesaj vermək” üçün İsrail və Suriya rəsmiləri arasında görüşü Bakıda keçirmək qərarına gəliblər.
Nəşrə istinadən İranın dövlət nəşri olan “Cam-e Jam” qəzeti belə qənaətə gəlib ki, Bakının bu illər ərzində anti-İran əməliyyatlarında iştirak tarixini, eləcə də Azərbaycanın ötən ayki müharibə zamanı İsraillə əməkdaşlıq etdiyinə dair şübhələri nəzərə alaraq, bu, bəzi qonşu ölkələrin İrana qarşı İsraillə əməkdaşlıq etdiyinə “aydın sübut” kimi qiymətləndirilə bilər.
Rəsmi qəzet Azərbaycan və onun müttəfiqləri Türkiyə və İsraili “İranın maraqlarına zidd yeni dinamika formalaşdıran” adlandırıb. Qəzet həmçinin iddia edib ki, İran son nəticədə həm diplomatik, həm də təhlükəsizlik sahəsində, o cümlədən qonşuları Ermənistan və Rusiya ilə əlaqələri gücləndirməklə və “Bakının təxribatlarına” qarşı sərt mövqe tutmaqla öz milli maraqlarını müdafiə etməli olacaq.
Tehran Azərbaycanın İsraillə getdikcə daha sıx əlaqələrinin inkişafını artan narahatlıqla izləyir.
Bu tərəfdaşlıq son illərdə xeyli genişlənib. Bunu iki ölkə arasında dərinləşən müdafiə əməkdaşlığı, eləcə də Bakının 2023-cü ildə Təl-Əvivdə səfirlik açmaq qərarı verməsi sübut edir. Bu addımlar İrana inamsızlığı daha da artırdı.







