
Baş nazirin müavini Mher Qriqoryanla birgə bəyanatlar zamanı AB-nin Genişlənmə üzrə komissarı Marta Kos, Avropa Birliyinin Ermənistanda islahatları təşviq etmək və ikitərəfli əməkdaşlığı dərinləşdirmək məqsədilə əlavə 140 milyon avro dəstək ayıracağını açıqlayıb.
“May ayında Ermənistan Avropa Siyasi Birliyinin Zirvə Toplantısına ev sahibliyi edəcək və onu ilk dəfə keçiriləcək AB-Ermənistan Zirve Toplantısı izləyəcək.
Bu, bu regionun əhəmiyyətinin Avropa üçün nə qədər artdığını və tərəfdaşlığımızın nə qədər dərinləşdiyini göstərir” – deyə o, bildirib.
“Şimalda və Cənubda davam edən müharibələr şəraitində Cənubi Qafqazdan keçən ticarət yolları həmişəkindən daha vacibdir. Baş nazirin müavini Qriqoryanla Avropa və Asiya arasında daşımaların vaxtını və xərclərini azaltmaq üçün infrastrukturun necə yaxşılaşdırıla biləcəyini müzakirə etdik. 2022-ci ildən bu marşrutla yük daşımaları dörd dəfə artıb.
Təsəvvür edirsinizmi? Dörd il ərzində dörd dəfə artım. Düzgün investisiyalar ilə, ekspertlərin fikrincə, 2030-cu ilə qədər bu üç dəfə arta bilər ki, bu da həm Ermənistan, həm də Avropa üçün faydalı olacaq.
Lakin işimiz yalnız ticarət və iqtisadiyyata aid deyil. Mən bunu həm də sülhə töhfə verən amil kimi dəyərləndirirəm. Ermənistan və Azərbaycan sülh və sabitlik istiqamətində mühüm addımlar atıb və mən bu səyləri böyük məmnuniyyətlə alqışlayıram.
Avropa dəstək olmaq istəyir. Biz davamlı sülhə, sabitliyə və rifaha töhfə vermək üçün regional əlaqələndirməyə sərmayə qoymağa hazırıq.
Avropa Birliyi da məhz sülh, sabitlik və rifah üzərində qurulub. Sərhəd-keçid məntəqələrinin açılması, körpülərin və müasir yolların inşası təkcə bazarları deyil, həm də insanları birləşdirə bilər. İqtisadi əlaqələri möhkəmləndirməklə münaqişə riskini də azaltmaq olar. Avropa bunu öz tarixindən yaxşı bilir”- deyə Kos bildirib.
O, qeyd edib ki, “Dayanıqlıq və İnkişaf” proqramı çərçivəsində AB artıq 7000-ə yaxın müəssisəyə dəstək olub və 20 mindən çox iş yerinin yaradılmasına töhfə verib.
Təhsil, sosial xidmətlər və mənzil tikintisi sahələrində də proqramlar həyata keçirilir, həmçinin Dağlıq Qarabağdan köçürülmüş şəxslərin inteqrasiyasına 70 milyon avrodan çox məbləğində dəstək göstərilib.
Marta Kosun sözlərinə görə, 140 milyon avroluq dəstək həmçinin viza rejiminin liberallaşdırılması prosesində irəliləyişi təmin etmək üçün zəruri olan islahatlara yönəlib.
O, həmçinin demokratik proseslərdən danışıb və vurğulayıb ki, AB azad və ədalətli seçkilərin keçirilməsini təmin etmək üçün Ermənistana hibrid təhdidlər və dezinformasiyaya qarşı mübarizədə dəstək olmağa hazırdır.







