
İranın keçmiş Xarici işlər naziri Manuçehr Möttəki Bakı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı yeni xəbərdarlıqla çıxış edib.
“Sepah Pasdaran” teleqram kanalının verdiyi məlumata görə, Möttəki bildirib:
“Azərbaycan Əliyevin idarəçiliyi dövründə ciddi rasionallığa və düşünülmüş regional qarşılıqlı fəaliyyətə söykənirdi. Lakin sonradan müəyyən təzyiqlər altında bəzi qüvvələrlə əməkdaşlığa məcbur oldu.
Sionist rejimin (İsrail) təyyarələri haradan uçub bizim üzərimizdən keçirdi? Yaxud İranın Şimalına – Gilan və Mazandarana haradan zərbələr endirirdi?
Ekspertlərin fikrincə, onlar Azərbaycanın hava məkanından istifadə ediblər. Hətta yanacaq doldurmanın Azərbaycan hava limanlarında həyata keçirildiyi deyilir. Bunlar çox ciddi məsələlərdir”.
Möttəki həmçinin iddia edib ki, Bakıdakı İsrail səfirliyi İrana qarşı casusluq mərkəzidir və orada iranlı turistlərin cəlb edilməsinə cəhd olunur.
BƏƏ haqqında isə o deyib ki, bura təkcə iqtisadi mərkəz deyil, həm də xarici kəşfiyyat xidmətlərinin iranlıları hədəf aldığı bir “ov yerinə” çevrilib.
Keçmiş nazir İraqın Şimalındakı (İraq Kürdistanı) bazaların da İranı parçalamaq istəyən separatçılara və MKİ (CIA) ilə əməkdaşlıq edən “xainlərə” xidmət etdiyini vurğulayaraq, bu bazaların statusunun dəqiq müəyyən edilməli olduğunu bildirib.







