İsrail “Erməni Soyqırımı”nın tanınması yolunda: Mövcud Knesset seçkilərə qədər bunu müzakirə etməyə çatdıracaqmı?

İsrail hökuməti Xarici işlər naziri Gideon Saar tərəfindən irəli sürülən “Erməni Soyqırımı”nın tanınması haqqında layihəni yekdilliklə təsdiqləyib.
Onilliklər ərzində siyasi və diplomatik səbəblərdən təxirə salınan məsələ ilk dəfə hökumətin rəsmi dəstəyini qazanıb. Lakin proses hələ başa çatmayıb: layihə İsrail parlamentinə — Knessetə təqdim edilməlidir və yalnız onun təsdiqindən sonra İsrailin rəsmi dövlət siyasətinin bir hissəsinə çevrilə bilər.
Hökumətin bu addımı nə dərəcədə əhəmiyyətlidir, niyə məhz indi atıldı, Türkiyə buna necə reaksiya verdi və bundan sonra nə ola bilər?
İsrail hökuməti bazar günü keçirilən iclasında xarici işlər naziri Gideon Saar tərəfindən təqdim edilən “Erməni soyqırımı”nı rəsmən tanıyan qanun layihəsini yekdilliklə bəyənib.
Beləliklə, illərdir müxtəlif siyasi səbəblərdən təxirə salınan təşəbbüs ilk dəfə hökumətin tam dəstəyini alıb. Səsvermədən sonra Saar bəyan edib:
“Doğru olanı etmək üçün heç vaxt gec deyil. 100 ildən çox əvvəl baş vermiş və tarixi faktları həqiqətən də təkzibolunmaz olan bu dəhşətli soyqırımı bir yarım milyon insanın qətlini və qədim mədəni-tarixi irsin məhv edilməsini ehtiva edib”.
Nazir, daha əvvəl “Erməni Soyqırımı”nın tanınmasının tərəfdarı olduğunu açıq şəkildə bəyan edən Baş nazir Benyamin Netanyahuya təşəkkür edib.
İndi layihə Knessetə təqdim edilməlidir və yalnız parlamentin təsdiqindən sonra İsrailin rəsmi dövlət mövqeyinin bir hissəsi olacaq.
Siyasi kontekst
İsrail niyə məhz bu mərhələdə belə bir qərara əl atdı və o, əvvəlki təşəbbüslərdən nə ilə fərqlənir? Şərqşünas, regional məsələlər üzrə ekspert Armen Petrosyan “Radiolur”a müsahibəsində qeyd edib:
“İlk növbədə, bu qərar İsrail-Türkiyə münasibətlərinin əsasən siyasi səviyyədə son dərəcədə gərginləşməsi ilə bağlıdır. İkincisi, İsrailin daxili siyasi prosesləri, o cümlədən seçkiqabağı fəaliyyətlər, üçüncüsü isə regional vəziyyətdir.
Hökumətin qərarı bu üç amilin birləşməsi ilə şərtlənir”.
“Erməni Soyqırımı”nın tanınması məsələsi İsraildə yeni deyil. Bu, müxtəlif illərdə Knessetdə müzakirə olunub. 2016-cı ildə parlamentin təhsil, mədəniyyət və idman komitəsi “Erməni soyqırımı”nı tanımış və hökuməti də eyni addımı atmağa çağırmışdı, 2018-ci ildə isə məsələ plenar iclasa qədər yüksəlmişdi. Lakin əvvəlki təşəbbüslər siyasi səbəblərdən rəsmi tanınma ilə nəticələnməmişdi.
Knesset nə edə bilər?
Armen Petrosyan bu dəfə prosesin sona çatdırılması ehtimalını yüksək hesab etmir:
“İsrail parlamentli respublika olduğu üçün qərar yalnız Knesset tərəfindən qəbul edildikdə və prezident tərəfindən imzalandıqda yekun hesab olunur. Hazırda belə bir proses yoxdur.
Seçkiqabağı dövrü də nəzərə alaraq, hesab edirəm ki, mövcud Knesset qətnamə qəbul etməyə çatdırmayacaq və bu proses yalnız siyasi və təbliğat səviyyəsində, həm də Türkiyəyə yönəlmiş siyasi siqnal kimi qalacaq”.
Buna baxmayaraq, İsrail hökumətin qərarı beynəlxalq siyasi platformalarda mühüm proses kimi görünməkdə davam edir.
Tel-Əvivin qərarına Türkiyə Xarici İşlər Nazirliyi demək olar ki, dərhal reaksiya verib və İsrail hökumətinin addımını kəskin şəkildə tənqid edib.
Sitat:
“1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi siyasi qərarla İsrail hökuməti öz cinayətlərini pərdələməyi hədəfləyir. Hüquqi və tarixi faktlara məhəl qoymayan bu təşəbbüs Benyamin Netanyahu və hökumətinin düşdüyü ağır vəziyyəti nümayiş etdirir”.
Bu, Türkiyənin rəsmi mövqeyi idi. Ankara iddia edir ki, İsrail tarixi məsələni siyasi məqsədlər üçün istifadə etməyə çalışır və bunu Qəzza ətrafındakı vəziyyət və beynəlxalq məhkəmə prosesləri ilə əlaqələndirir.
Türkşünas Ruben Safrastyan hesab edir ki, İsrail tərəfindən “Erməni soyqırımı”nın tanınması siyasi baxımdan ciddi təsir göstərməyəcək:
“Çünki Türkiyə iddia edir ki, İsrail Qəzzada həyata keçirilən və bəzi dairələr tərəfindən soyqırımı kimi xarakterizə edilən hərəkətlərə görə məsuliyyət daşıyır.
İndi də İsrail ‘Erməni soyqırımı’ məsələsini siyasi əks-təsir vasitəsi kimi istifadə etməyə çalışır”.
Armen Petrosyan hesab edir ki, Türkiyədə də bu prosesin sona çatdırılmayacağını anlayırlar:
“Buna görə də ritorik, siyasi səviyyədə müəyyən bir “atışma”, bir dövr olacaq, ondan sonra tərəflər yenidən öz mövzularına qayıdacaqlar.
Ciddi məzmunlu təsiri olmayacaq, çünki münasibətlərin pisləşməsinə səbəb bu problem olmayacaq, əksinə, bu qərar münasibətlərin pisləşməsi nəticəsində qəbul edilib”.
Akademik Ruben Safrastyan isə Knessetin layihəni qəbul edəcəyinə şübhə edir:
“Əlbəttə, motiv siyasidir, çünki hazırda İsrail və Türkiyə münasibətləri pisləşib.
Bu, bir. İkincisi, İsraildə münasibətlər yenə pis olan zaman müxtəlif xadimlər tərəfindən bu məsələni parlamentə daxil edib sona çatdırmaq üçün bir neçə oxşar cəhd olub, lakin baş tutmayub.
Ona görə də bu dəfə də parlamentin bunu qəbul edəcəyinə 100% əmin deyiləm”.
Hazırda rəsmi İrəvan İsrail hökumətinin qərarına hələlik reaksiya verməyib. Son illərdə Ermənistan rəhbərliyi bir neçə dəfə bəyan edib ki, “Erməni Soyqırımı”nın beynəlxalq səviyyədə tanınması məsələsi Ermənistanın xarici siyasət prioritetləri sırasında deyil, lakin dövlət yaddaşının və beynəlxalq gündəliyin tərkib hissəsi olaraq qalır.







