Beynəlxalq

Kristofer Smit: “Referendumda legitimlik olmayıb”

Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə əlaqədar referendumun nəticələri elan olunduqdan sonra Helsinki Komissiyasının rəhbəri, konqresmen Kris Smit  bəyanatla çıxış edib:

“Bu səsvermə Azərbaycan prezidentinin hesabatlılığının azaldılmasına hesablanıb və “referendum onun son nəticəsindən asılı olmayaraq legitimsizlik prosesinin kulminasiyası olub”.

Azərbaycan hökuməti bu mühüm dəyişiklikləri tələsik səsverməyə çıxarmaqla Azərbaycan xalqını bu məsələlər barədə azad debat aparmaq kimi təməl haqqından məhrum edib.

Hökumətin planlaşdırdığı dəyişikliklərin əleyhinə olan fəallar və jurnalistlər həbslər və təqiblərə məruz qalıblar.

Cəmi bir il bundan əvvəl rəsmi Bakı parlament seçkilərinin ATƏT-in seçki müşahidəçiləri tərəfindən montorinqini bloklamaqla Azərbaycan xalqının ATƏT öhdəliklərinə uyğun şəkildə səs verməsinin qarşısını almışdı”, – bəyanatda deyilir.

“Mən çox narahatam ki, bu qeyri-legitim proses azərbaycanlıların layiq olduqları və göszlədikləri demokratik gələcəyi daha da yubadacaq.

Mən bir daha Azərbaycan hökumətini bütün vicdan məhbuslarını azad etməyə, onlara və onların şərti cəza almış həmkarlarına qarşı səfər qadağasının aradan qaldırılmasına çağırıram”, – Smit bildirib.

Xatırladaq ki, sentyabrın 8-də K.Smit və Konqresin başqa üzvləri Azərbaycan hökumətinin hazırladığı təkliflərlə bağlı prezident İlham Əliyevə məktub yazmışdılar.

2015-ci ilin dekabrında K.Smit Konqresə qanun layihəsi (HR 4264) təqdim etmişdi. Sənəd Bakı siyasi məhbusları azad etməyənə, vətəndaş cəmiyyətinin sıxışdırılmasına son verməyənə, azad, ədalətli seçkilər keçirməyənə qədər yüksək vəzifəli şəxslərə qarşı sanksiyalar nəzərdə tutur.

* Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası (ABŞ Helsinki Komissiyası kimi tanınır) müstəqil federal fökumət agentliyidir və 1973-cü il Helsinki sazişlərinə əməl olunmasına nəzarət edir. Komissiya ABŞ Senatının doqquz, Konqresin doqquz, Dövlət Departamenti, Müdafiə və Ticarət nazirliyinin bir üzvündən ibarətdir.

Daha çox göstər
Back to top button